TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

MƏHLUQƏ SADIQOVA – 100. Yubiley gecəsi

2017-ci il oktyabr ayının 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Məhluqə Sadıqovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin təşkilatçılğı ilə keçirilən tədbirdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətkarın doğmaları iştirak etmişlər.

Teatrın tamaşa salonunun foyesində başlayan tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov açmışdır. O, Məhluqə Sadıqovanın zəngin yaradıcılıq yolundan danışmış, onunla bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. Sonra o, sözü Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova vermişdir. Hacı İsmayılov sənətkarın ömür yoluna qısa nəzər salmış, Məhluqə xanımın çoxşaxəli yaradıcılığının mühüm qolu olan Azərbaycan radiosunun «Bulaq» verilişi haqqında danışmışdır. Çıxış üçün növbəti söz Xalq artisti Rafiq Əzimova verilmişdir. Rafiq Əzimov Məhluqə xanımla tərəf-müqabil olduğu səhnə əsərləri haqqında, sənətkarın çoxsaylı şəxsi və yaradıcı keyfiyyətləri barədə işirakçılara məlumat vermişdir. Çıxışlararası foyedə quraşdırılmış monitorda Məhluqə Sadıqovanın oynadığı tamaşalardan ibarət foto və videoçarxlar nümayiş olunmuş, «Bulaq» verilişindən fraqmentlər səsləndirilmişdir.

Sonra tədbir iştirakçıları tamaşa salonuna dəvət olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev səhnəyə dəvət olunmuş və Məhluqə Sadıqovanın həyat və yaradıcılığı haqqında geniş məlumatla çıxış etmişdir. Ədalət Vəliyevin çıxışından sonra söz Məhluqə xanımın Amerika Birləşmiş Ştatlarında yaşayan nəvəsi Maykl Şərifə verilmişdir. Maykl Şərif Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə nənəsi Məhluqə xanım Sadıqovanın 100 illiyi ilə bağlı imzaladığı Sərəncama görə dərin minnətdarlığını bildirmiş, yubileyin təşkilində əməyi olanlara ailəsi adından təşəkkür etmişdir.

Sonda Akademik Milli Dram Teatrının aktyorlarının ifasında C.Cabbarlının «Almaz» əsəri oynanılmışdır (vaxtilə Məhluqə Sadıqova bu tamaşada Yaxşı obrazını böyük şövqlə ifa etmişdi).