TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

MƏHLUQƏ SADIQOVA – 100

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin təşkilatçılğı ilə 2017-ci il oktyabr ayının 16-da Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində Xalq artisti Məhluqə Sadıqovanın anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə günü keçirilmişdir. Tədbirdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətkarın doğmaları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, professor Azər Paşa Nemətov açmışdır. O, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Xalq artisti Məhluqə Sadıqova milli teatr səhnəmizdə özünəməxsus yeri olan sənətkarlarımızdandır.

Yaratdığı obrazlar bu gün də onu tanıyanların, sevənlərin xatirələrində yaşayır. Məhluqə xanımı həm səhnədə, həm həyatda gördüyü üçün özünü xoşbəxt sayan sənətkar daha sonra onun ictimai fəaliyyəti haqqında söhbət açmış, gənclərə göstərdiyi dəstəyi vurğulamışdır.

Sonra o, tədbiri idarə etmək üçün sözü aparıcıya - Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova vermişdir. Hacı ismayılov Məhluqə xanımın həyat və yaradıcılıq yolundan söhbət açmış, sözü sənətkarla birgə çalışmış, onu şəxsən tanımış sənət dostlarına vermişdir. Çıxış edənlər – Xalq artistləri Səidə Quliyeva, Ağakişi Kazımov, Rafiq Əzimov, Əməkdar artist Azad Şükürov, Azərbaycan radiosunun "Bulaq" folklor-etnoqrafik verilişinin redaktoru İntiqam Mehdizadə sənətkarın xarakterindəki çoxsaylı müsbət keyfiyyətlərdən, çoxşaxəli yaradıcılığının nümunələrindən söhbət açmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Tədbirdə Məhluqə xanımın nəticəsi – Bülbül adına musiqi məktəbinin şagirdi Sənan və dostları musiqi nömrəsi ilə çıxış etmiş, Məhluqə Sadıqovanın oynadığı tamaşalardan, çəkildiyi filmlərdən ibarət videoçarxlar nümayiş olunmuş, «Bulaq» verilişindən fraqmentlər səsləndirilmiş, Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış fotosərgi təqdim edilmişdir.