TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

MUSTAFA MƏRDANOV - 120

Video Foto

Azərbaycan Teatr Xadimləri İttifaqı 2014-cü il sentyabr ayının 29-da görkəmli teatr və kino xadimi Mustafa Mərdanovun 120 illik yubileyini keçirib, «Zəfər» teatr studiyasında Mustafa Mərdanov səhnəsini açıb. Bu səhnədə sənətkarın «Mənim xatirələrim, mənim müasirlərim» tamaşasının baxışı keçirilib.

İfaçılar – xalq artisti Rafiq Əzimov və xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovdur.

Mustafa Mərdanov 1894-cü idə Tiflisdə anadan olub. 74 il yaşayan sənətkar ömrünün yarım əsrdən çoxunu milli teatr və kino sənətinin inkişafına həsr edib.

Onun teatr səhnəsində yaratdığı N.Qoqolun «Müfəttiş»ində Xlestakov, V.Şekspirin «On ikinci gecə yaxud hər nə istəsəniz» əsərində Malvolio, M.F.Axundzadənin «Molla İbrahimxəlil kimyagər»ində Molla Həmid, «Hacı Qara»da Hacı Qara, M,Qorkinin «Həyatın dibində» əsərində Luka, C.Cabbarlının «Sevil»ində Atakişi, «Od gəlini»ndə Dönməz, «Yaşar»da Niyaz, «1905-ci ildə» əsərində İmamverdi, «Solğun çiçəklər»də Əbdül və başqa obrazlar bu gün də yaddaşlardadır. M.Mərdanov teatr səhnəsində olduğu kimi kinoda da bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb.

Onun «Bismillah» filmində Qulu, «Hacı Qara»da Kərəməli, «Lətif»də Əhməd, «Səbuhi»də Şeyx, «Bakılılar»da Eser, «26 Bakı komissarı»nda Menşevik, «Kəndlilər»də Təhməs, «Qanun naminə»də Murtuz Murtuzov, «O olmasın, bu olsun»da İntellegent Həsən obrazlarını bu gün də tamaşaçılar çox böyük məhəbbətlə seyr edirlər.

M.Mərdanov görkəmli aktyor olmaqla yanaşı, yazıçılıq və tərcüməçiliklə də məşğul olub. Onun tərcümə etdiyi əsərlər və teatr xadimləri haqqında yazdığı «Mənim müasirlərim» və «Xatirələrim» əsərləri bu gün də milli teatr tarixinə həsr olunmuş qiymətli mənbə hesab edilir.

M.Mərdanovun teatr xadimi kimi gördüyü işləri də unutmamalıyıq. O, Azərbaycan Teatr Cəmiyyətinin sədri işlədiyi zaman, müavini və yaxın dostu Zəfər Nemətovla birlikdə minbir əziyyətlə cəmiyyət üçün Teatr Xadimləri İttifaqnın yerləşdiyi hazırkı binanın tikdirilməsinə nail olmuşdur. Teatr sahəsində çalışanlar onların xidmətlərini hər zaman minnətdarlıqla xatırlayırlar.

Görkəmli aktyor Mustafa Mərdanov 1968-ci ildə vəfat edib.

Ertəsi gün – sentyabr ayının 30-da Mustafa Mərdanov səhnəsində əməkdar artist Nofəl Vəliyevin quruluşunda Elçin Hüseynbəylinin «Qaçaq qocalar» pyesinin tamaşasına baxıldı. Bu tamaşa Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən «Rejissor laboratoriyası»nda hazırlanıb. Laboratoriyanın rəhbəri xalq artisti Cənnət Səlimovadır.

Aktyorlar Kərəm Adızadə – Məmməd, Bəhruz Vaqifoğlu – Yusif, Məsumə Babayeva – Məryəm rolunda çıxış etmişlər.