TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

MANSUR MANSUROV – 70

Video Foto

Azərbaycan Teatr Xadimləri İttifaqında 15 sentyabr 2014-cü ildə Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, əməkdar artist Mansur Mansurovun 70 illik yubileyinə həsr olunmuş görüş keçirilmişdir.

Mansur Abdul oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəni-Maarif Texnikumunu bitirdikdən sonra 1970-ci ildən həyatını Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb və bu günə qədər bu teatrda bir-birindən fərqli və rəngarəng obrazlar yaradıb.

Mansur Mansurov Ü.Hacıbəyovun «O olmasın, bu olsun» tamaşasında Məşədi İbad, M.F.Axundzadənin «Dərviş Parisi partladır» əsərində Müsyö Jordan, «Xırs quldurbasan»da Vəli, R.Rəhmanovun quruluşunda «Rəhmanın nağılı» tamaşasında Zalım, Anarın «Qaravəlli» tamaşasında bir neçə rol, Ş.Hüseynovun «Sehirli güzgü» tamaşasında Zalım, R.Əlizadənin «Dəcəl çəpişlər, belə-belə pişlər»də Cangüdən, A.Şaiqin «Tıq-tıq xanım»da Siçan bəy, «Yaxşı arxa» da Tülkü və sair obrazları yüksək sənətkarlaqıla yaradaraq kiçik yaşlı tamaşaçılarınn sevimli qəhrəmanı edib.

Bu gün də Mansur Mansurov teatrın bir sıra tamaşalarında gənclik həvəsi ilə bu və ya digər obrazları oynayır.

Kukla Teatrının inkişafındakı xidmətlərinə görə Mansur Mansurov 2012-ci ildə «Azərbaycan Respublikasının əməkdar artisti» fəxri adına layiq görülüb.

Çay süfrəsi ətrafında keçirilən tədbiri giriş sözü ilə Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov açaraq yubilyarın yaradıcılığından danışıb.

Daha sonra teatrın direktoru R.Əhmədzadə, baş rejissor Q.Mənsimov, xalq artistləri H.İsmayılov, R.Əzimov, əməkdar artist R.Rəhmanov, rəssam L.Quluzadə və başqaları çıxış edərək yubilyarın yaradıcılıq yolundan danışıblar.

Səmimi keçən çay süfrəsində TXİ sədri Azər Paşa Nemətov yubilyara fəxri fərman təqdim edib.

Tədbirin sonunda M.Mansurov və qızı S.Mansurova çıxış edərək, diqqət və qayğıya görə TXİ sədri Azər Paşa Nemətova minnətdarlıqlarını bildiribər.