TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

MƏCNUN HACIBƏYOV – 80

Video Foto

Azərbaycan Teatr Xadimləri İttifaqının «Mustafa Mərdanov səhnəsi»ndə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 5 oktyabr 2015-ci il tarixdə milli səhnə sənətimizin istedadlı nümayəndəsi, Respublikanın əməkdar artisti Məcnun Hacıbəyovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

Tədbirin aparıcısı, Respublikanın xalq artisti Hacı İsmayılov Məcnun Hacıbəyovun yaradıcılığı haqqında danışdıqdan sonra sözü tədbir iştirakçılarına verdi.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi «İncəsənət» şöbəsinin müdiri İsmayıl Hüseynov Nazirliyin Fəxri fərmanını yubilyara təqdim edərək onu təbrik etdi. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov Məcnun Hacıbəyovu təbrik etdi və ona «Sənətkar» medalı verdi.

Xalq artistləri Ağakişi Kazımov, Fuad Poladov, İlham Namiq Kamal, Məleykə Əsədova, Səidə Quliyeva, Ağaxan Salmanlı, Milli Qeyri-hökümət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni, Akademik Milli Dram Teatrının aktyorları, əməkdar artistlər Elşən Cəbrayılov və Şəlalə Şahvələdqızı, Kukla Teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov, muğam ustası, əməkdar artist Teyyub Aslanov sənətkarı təbrik edib, haqqında xoş sözlər söylədilər.

Tədbirdə Məcnun Hacıbəyovun çəkildiyi tamaşalardan fraqmentlər nümayiş olundu. Sonda Məcnun Hacıbəyov tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirdi.

Qeyd edək ki, Məcnun Hacıbəyov 5 oktyabr 1935-ci ildə Qubada anadan olub. Uşaq yaşlarından aktyorluğa böyük maraq göstərən M.Hacıbəyov 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Aktyorluq» fakültəsini bitirmişdir.

Milli Dram Teatrının səhnəsin «Hökmdar və qızı» (İ.Əfəndiyev), «Kişilərə inanmayın» (A.Safronov), «Küləklər» (S.Rəhman), «Ölülər» (C.Məmmədquluzadə), «Qılınc və qələm» (M.S.Ordubadi), «Qızıl» (Y.Onil), «Xoşbəxtlər» (S.Rəhman), «Yağışdan sonra» (B.Vahabzadə) tamaşalsrında yaratdığı dolğun, parlaq, bənzərsiz obrazlarla tamaşaçıların yaddaşında dərin iz qoymuş aktyor «Atayevlər ailəsi», «Canavar balası», «Evlənmək istəyirəm», «Mənim günahım», «Min birinci söz», «Sabiqlər», «Sabiqlərin yeni sərgüzəştləri», «Sarıköynəklə Valehin nağılı», «Şirin bülbül», «Yeni evlənənlər» «Gənclik macərası», «Göz həkimi», «Gülüş sanatoriyası», «Kişilər», «Qatarda», «Qəzəlxan», «Yarımştat» kimi film və televiziya tamaşalarında da gözəl rollar ifa edib.

Zəngin, mənalı həyat və yaradıcılıq yolu keçmiş sənətkar həyatının ahıl çağını yaşayır. Doğulub boya-başa çatdığı Quba rayonunda yaşayan Məcnun Hacıbəyov bu gün də hər çıxışında sənəti haqqında sonsuz məhəbbətlə danışır.