TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

Mərziyə Davudova – 115. «SƏNƏTKAR VƏ ZAMAN» Elmi-praktik konfrans

 

Fotoşəkillər   Video  

 

28 noyabr 2016-cı il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli aktrisa, SSRİ Xalq Artisti Mərziyə Davudovanın 115 illiyi ilə əlaqədar «Sənətkar və zaman» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə görkəmli ziyalılar, müxtəlif teatrlarda çalışan sənətkarlar və media nümayəndələri iştirak etmişlər.

Mərziyə Davudovanın yaradıcılığına həsr olunmuş fotosərgi və sənətkarın yaratdığı obrazlardan təşkil olunmuş videoçarx konfrans iştirakçılarına təqdim edilmişdir.

Konfransı giriş özü ilə Xalq Artisti, Professor Azər Paşa Nemətov açmışdır. O, Mərziyə xanımın parlaq şəxsiyyətindən, çoxsaylı müsbət keyfiyyətlərindən, zəngin yaradıcılığından söz açmış, sənətkarla bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşmüş və sözü tədbirin aparıcısı Xalq Artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova vermişdir.

Hacı İsmayılov Mərziyə xanımın həyat və yaradıcılığından, onun səhnədə yaratdığı rəngarəng obrazlardan danışmışdır. Sonra söz çıxışçılara verilmişdir. Sənətşünaslıq üzrə Elmlər Doktoru, Professor Məryəm Əlizadə «Milli aktyor sənətində Mərziyə Davudova fenomeni», Xalq Artisti Ağakişi Kazımov «Mərziyə Davudova haqqında xatirələr», Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru, Dosent Vidadi Qafarov «Mərziyə Davudova yaradıcılığına tədiqatçı baxışı», AMEA Memarlıq və İncəsənət İnstitutunun dissertantı Elçin Cəfərov «Mərziyə Davudova yaradıcılığı teatrşünas müstəvisində» mövzularında çıxışlar etmişlər.