TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

MƏLİK DADAŞOV - 90

Video

Azərbaycan Teatr Xadimləri İttifaqı 24 noyabr 2014-cü il tarixdə görkəmli teatr və kino aktyoru, xalq artisti, Dövlət mükafatı laureatı Məlik Dadaşovun 90 illiyinə həsr olunmuş tədbir keçirmişdir.

Məlik Dadaşov faciəvi, komik və dramatik obrazların mahir ifaçısı olub. Onun S.Vurğunun «Fərhad və Şirin»ində Bizans Şahzadəsi, Şiruyyə, Şapur, «Vaqif»də Kürd Musa, Qacar, C.Cabbarlının «Od gəlini»ndə Aqşin, Elxan, «1905-ci ildə» Aram, R.Rzanın «Qardaşlar»ında Bitərəf Əli, İ.Səfərlinin «Ana ürəyi»ndə Yusif Şəfi, M.İbrahimovun «Közərən ocaqlar»ında Mazar bəy və Nəriman Nərimanov, B.Vahabzadənin «Yağışdan sonra»sında Aslan, Ş.Qurbanovun «Sənsiz»ində Tərlan, İ.Əfəndiyevin «Atayevlər ailəsi»ndə Ziyad Şahsuvarov və Atayev və başqa obrazları günümüzə qədər yaddaşlardadır.

M.Dadaşov V.Şeksprin «Otello»sunda Yaqo, «Maqbet»ində Maqbet, «Fırtına»da Prospero, L.Tolstoyun «Canlı meyit»ində Karenin, H.Cavidin «Şeyx Sənan»ında Serqo, C.Məmmədquluzadənin «Ölülər»ində Şeyx Sənan və başqa obrazlar milli teatr tariximizin parlaq səhifələridir.

Görkəmli aktyor Rus Dram Teatrının səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. Onlardan İ.Əfəndiyevin «Büllur sarayda» əsərində Ağahüseyn, B.İsaakın «Qürub»unda Mendel Krik, Y.Səmədoğlunun «Qətl günü»ndə Cavid Əfəndi obrazları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Məlik Dadaşov teatrda olduğu kimi kinoda da maraqlı və baxımlı obrazlar dünyası yaradıb. «Bir məhəlləli iki oğlan»da Nazif, «Dəli Kur»də Molla Sadıq, «Dağlarda döyüş»də İngilis kəşfiyyatçısı, «Ulduzlar sönmür»də General Mehmandarov, «26 Bakı komissarı»nda Məşədi Əzizbəyov, «Birisi gün gecə yarısı»nda Nəriman Nərmanov, «Axırıncı aşırım»da Qəmlo, «O dünyadan salam»da Şeyx Nəsrullah, «Güllələnmə təxirə salınır»da Zabit, «Fəryad»da Aram və başqa obrazlar sənətkarın zəngin və hərtərəfli istedadından xəbər verir.

Aktyor «Birisi gün gecə yarısı» bədii filminə görə Dövlət musafatına layiq görülüb (26 may 1986-jı il). Milli teatr və kino sahəsindəki xidmətlərinə görə 24 may 1960-cı ildə «Respublikanın əməkdar artisti», 1 iyun 1974-cü ildə «Xalq artisti» fəxri adları ilə təltif edilib.

Tədbiri Teatr Xadimləri İttifaqının sədr müavini, xalq artisti Hacı İsmayılov açmış, sənətkar haqqında xatirələrini söyləmişdir. Növbəti çıxışçılar – xalq artistləri Rafiq Əzimov, Ağakişi Kazımov, Zərnigar Ağakişiyeva, Mərahim Fərzəlibəyov,  əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və başqaları Məlik Dadaşovun yaradıcılığı və şəxsi keyfiyyətləri haqqında danışdılar. Ailəsi adından sənətkarın oğlu, xalq artisti Rafael Dadaşov çıxış edərək tədbirə toplaşanlara minnətdarlığını bildirdi.