TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

MUXTAR AVŞAROV – 100

Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevral ayının 15-də İrəvanda anadan olub. 1936-cı ildə Moskvada 3 aylıq mədəni-maarif kursunu bitirib. Teatr fəaliyyətinə özfəaliyyət dərnəyində başlayan M.Avşarov 1938-ci ildən Gəncə Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Gəncə teatrında çalışdığı 30 il müddətində (repressiya illəri istisna olmaqla) 100-ə yaxın obraz yaratmışdır. N.Qoqolun «Müfəttiş» əsərində Xlestakov, S.S.Axundovun «Eşq və intiqam» pyesində Çingiz, C.Cabbarlının «Almaz» əsərində Mirzə Səməndər, «Nəsrəddin şah»da Nəsrəddin şah, G.Figeyredonun «Tülkü və üzüm» əsərində Ezop, N.Hikmətin «Kəllə» dramında doktor Dolbonezo kimi xarakter obrazlar yaratmışdır.

1968-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirən aktyor bu teatrın səhnəsində «Xəyyam»da Xərabati, «Unuda bilmirəm»də Kərəm dayı, «Solğun çiçəklər»də Əbdül, «Pəri cadu»da Niyaz, «Darıxma, ana»da Ruben, «Maqbet»də Kral, «Vaqif»də Şeyx Alı, Qacar, «Od gəlini»ndə Yanardağ, «Ölülər»də Hacı Baxşəli, Şeyx Nəsrullah kimi diqqətçəkən obrazlar yaratmışdır.

Görkəmli aktyor «Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi 20-dən artıq filmə çəkilmişdir. Bunlardan «Yenilməz batalyon», «Dəli Kür», «Qaçaq Nəbi», «Axırıncı aşırım», «Qatır Məmməd», «Qəm pəncərəsi» və s. qeyd etmək olar.

Milli Teatrda 23 il fəaliyyət göstərdikdən sonra aktyor Bakı Bələdiyyə Teatrında və paralel olaraq Azərbaycan Mədəniyyət Fondunun «Sönməyən ulduzlar» teatrında öz yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bələdiyyə teatrında Ə.Nesinin «Tənha qadınlar» tamaşasında Qaz yoxlayan, «Nadir şah»da Cavad xan, «Dəli Domrul»da Baba, «Vətənə igidlər gərəkdir»də Seyid Ağa, «Tomris»də Vəzir kimi uğurlu obrazlara imza atmışdır. Aktyorun çəkildiyi «Solğun çiçəklər», «Sarıköynəklə Valehin nağılı», «Diş ağrısı» tamaşaları milli televiziyanın Qızıl Fondunda saxlanılır.

Teatr sənəti sahəsində xidmətlərinə görə Muxtar Avşarov 1966-cı ildə «Əməkdar artist», 2002-ci ildə «Xalq artisti» fəxri adlarına, 2004-cü ildə «Şöhrət ordeni»nə və Prezident təqaüdünə layiq görülmüşdür.

Muxtar Avşarov yüksək səhnə mədəniyyətinə malik aktyor, həssas tərəf-müqabil idi. O, həm komik, həm faciəvi obrazları, həm baş, həm də epizodik rolları eyni məharətlə ifa edirdi.

Qürurlu, mərd, milli ruhlu, vətənpərvər, etibarlı, təmiz, fikrini dəyişməyən, düzə-düz, əyriyə-əyri deyən, bir üzlü, sədaqətli, kişi adam idi.