>
previous arrow
next arrow
Slider
 
 
    Əziz dostlar!
 
    Qafqazın ən qocaman yaradıcılıq təşkilatı olan Azərbaycan Teatr Xadimləri İttifaqının teatrittifaqi.az saytında hamınızı xoş gördük.
    2013-cü ildən fəaliyyətə başlayan saytın yaradılmasında məqsəd qurumun keçdiyi inkişaf yolu barədə sizə ətraflı məlumat verməkdən ibarətdir. Azərbaycanın teatr aləmi ilə dünya ölkələrini daha yaxından tanış etmək və İttifaqın beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədi ilə 2020-ci ildən etibarən saytın yeni variantı yeni dizaynda və 3 dildə təqdim olunur. Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş sayt İttifaqın tarixinin vacib məqamlarını və bu günki fəaliyyətini özündə əks etdirir.
    1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistlər İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis Konfransının qərarı ilə "Azərbaycan Teatr Xadimləri İttifaqı" adlandırılmışdır. Özünün zəngin tarixi boyu müxtəlif adlar altında fəaliyyət göstərsə də, yarandığı vaxtdan bu günə qədər İttifaq bir məqsədə - milli teatr sənətimizin inkişafına və təbliğinə xidmət etmişdir.
    Şərəfli inkişaf yolu keçmiş Teatr  Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq etmiş, onların rəhbərliyi ilə İttifaq zəngin təcrübə əldə edərək, fəaliyyətini dövrün tələblərinə uyğun qurmuşdur. 
    Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. İttifaq Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. Saytın "Beynəlxalq əlaqələr" bölməsində bu barədə ətraflı məlumat verilib.
    Habelə ayrı-ayrı bölmələrdə teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri 
 
 

və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, anma günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, nəşriyyat işinin həyata keçirilməsi və s. istiqamətlərdə İttifaqın fəaliyyəti haqqında geniş informasiya təqdim olunub.
    Saytdakı məlumatların teatr sənəti sahəsində çalışan hər kəs üçün olduqca maraqlı və gərəkli olacağına şübhə etmirik. İnanırıq ki, teatrittifaqi.az saytı tərəfinizdən maraqla qarşılanacaq və tezliklə çox sayda izləyici toplayacaq.


 
 
 

 

Xəbərlər

  • 1
  • 2
  • 3
  • 1
  • 2
  • 3
  • Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəaliyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

  • Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə
  • Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda
  • Azərbaycan Teatr Xadimləri İttifaqı dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.
  • 1

Abbasmirzə Şərifzadə

Abbasmirzə Şərifzadə

(1891 - 1938)

Romantik aktyor məktəbinin Hüseyn Ərəblinskidən sonraki ən ləyaqətli davamçısı görkəmli faciə aktyoru, böyük rejissor, cəfakeş teatr xadimi, kino sənətimizin tərəqqisində müstəsna rolu olan Abbasmirzə Şərifzadədir. O, 9 mart 1891-ci ildə Şamaxıda doğulub və iki yaşında ikən ailəsi Bakıya köçüb. Atası Mirzə Rəsul Şərifzadə müəllim işləyib, anası Fərruxbəyim isə evdar qadın olub.

İlk təhsili evdə atasından alan Abbasmirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-tatar (yəni rus-türk) məktəbinə daxil olub. Üç il burada oxuyandan sonra III Aleksandr adına kişi gimnaziyasına qəbul edilib.

Ancaq tutulduğu uşaq xəstəliyi ona təhsilini davam etdirməyə imkan verməyib. Böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticarət işləri ilə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib.

Hüseyn Ərəblinskinin oyunu digər həmyaşıdları kimi, Abbasmirzəni də məftun edib. Get-gedə qəlbində aktyorluq sənətinə böyük maraq oyanan gənc 1908-ci ildə Müsəlman Dram Artistləri dəstəsinin hazırladığı Molyerin "Zorən təbib" komediyasında Lal qız rolunda ilk dəfə səhnəyə çıxıb. Bununla taleyini ömürlük səhnəyə bağlayan Şərifzadə "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi fəaliyyət göstərib. Aktyorluğa başladığı ilk illərdə tamaşaların məramnamələrində qardaşı "Şərifzadə-1" (Şərifov), özü "Şərifzadə-2" yazılıb.

1917-ci il 18 oktyabrda kifayət qədər şöhrətlənmiş sənətkar “Müsəlman Aktyorları İttifaqı”nı yaradıb və özü də onun sədri olub. İttifaqda İki illik aktyorluq kursu yaradılmışdı ki, bu da ilk milli səhnə təhsilimizin qaranquşu sayılır.

Abbasmirzə Şərifzadə iyirminci illərin sonunda qısa müddət Bakı Türk İşçi Teatrında (1932) və kino fabrikində işləsə də, 1928-ci ildə opera teatrına baş rejissor təyin olunsa da, onun rejissor, əsasən aktyor yaradıcılığı bilavasitə Milli teatrla bağlıdır. O, Azərbaycan səhnə sənətini başqa məmləkətlərdə tanıtmaqda da böyük işlər görüb. Onun başçılığı ilə aktyorlarımız İranda (1914), Aşğabadda (1917), Hacıtərxanda (1918), dəfələrlə Tiflisdə, Batumida, İrəvanda... qastrollarda olublar.

Abbasmirzə Şərifzadə 1937-ci ildə repressiyaya məruz qalıb, 16 noyabr 1938-ci ildə güllələnib. Əllinci illərdə ölümündən sonra bəraət almış sənətkara 1963-cü ildə təntənəli şəkildə 70 illik yubiley keçirilib. Onun adına Bakıda küçə var. Vaxtilə özü sədr olduğu Cəmiyyətin yerləşdiyi Aktyor Evi Abbasmirzə Şərifzadənin adını daşıyır.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı