TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

LÜTFƏLİ ABDULLAYEV – 100

Azərbaycan Teatr Xadimləri İttifaqında aprel ayının 1-də Azərbaycanın görkəmli komediya ustası, xalq artisti (1960), SSRİ Dövlət mükafatı laureatı (1946) Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi münasibətilə xatirə günü keçirilmişdir.

59 il sürən ömrünün 40 ildən çoxunu Azərbaycanda musiqili teatrının inkişaf və yüksəlişinə həsr edən bu qüdrətli aktyor hələ sağ ikən könüllərdə özünə əbədi heykəl ucaltmışdır.

Lütfəli Abdullayev 1914-cü il mart ayının 22-də Şəki şəhərində anadan olmuşdur. Nadir fitri istedadı, şirin səsi, incə yumoru, yapışıqlı oyun tərzi ilə tez bir zamanda məşhurlaşmış, dövrünün ən populyar teatr və kino aktyoru olmuşdur. «Toy kimindir?»də Qoşun, «Beş manatlıq gəlin»də Möhsün, «Durna»da Dursun və Kərim kişi, «Gözün aydın»da Qəhrəman, «Ulduz»da Məhəmməd, «O olmasın, bu olsun»da Hambal və Məşədi İbad, «Xəsis»də Hacı Qara, «Əlli yaşında cavan»da Qulu, «Hacı Kərimin aya səyahəti»ndə Hacı Kərim, «Olmadı elə, oldu belə»də Alanzadə, «Evlikən subay»da Kəblə Heydər, «Arşın mal alan»da Vəli və Sultan bəy, «Keto və Kote»də Çako, «Tbilisi nəğməsi»ndə Hamlet, «Hicran»da Mitoş kimi parlaq, təkrarsız obrazlar qalereyası yaratmışdır.

Lütfəli Abdullayevin «Azərbaycanfilm» kinostudiyasının çəkdiyi «Arşın mal alan» filmində məharətlə yaratdığı Vəli, «O olmasın, bu olsun»da Baloğlan, «Ulduz»da Məhəmməd, «Əhməd hardadır?»da Zülümov, «Qəribə əhvalat»da Kefcilov və sair gözəl ekran obrazları ona böyük şöhrət və ümumxalq məhəbbəti qazandırmışdır. L.Abdullayev «Mozalan» satirik kinojurnalında bir sıra novellalara çəkilmişdir.

Həssas tərəf-müqabil, səmimi, xeyirxah, qayğıkeş dost, gözəl ailə başçısı olmuşdur.

Görkəmli aktyor 1973-cü il dekabr ayının 9-da Bakıda vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.