TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

 

Azərbaycan Dövlət Kukla Teatrı - 85

 

28 dekabr 2016-cı il tarixdə Azərbaycan Dövlət Kukla Teatrının 85 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

Kukla Teatrında keçirilən yubileydə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov və digər tanınmış sənətkarlar, ziyalılar və media nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər teatrın zəngin tarixindən, keçdiyi inkişaf yolundan danışmış, teatrın əməkdaşlarını yubiley münasibəti ilə təbrik etmişlər. Teatrın yaranma tarixindən danışan nazir qeyd edib ki, A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daim axtarışda olan, peşəkar kollektivə malik mədəniyyət ocağıdır. Əsas məqsədi uşaqlarda teatra sevgi və məhəbbət oyatmaqdan ibarət olan bu mədəniyyət ocağının vəzifəsi, həm də Azərbaycanın tarixini, ədəbiyyatını, nağıllarını yaşatmaq və təbliğ etməkdən ibarətdir.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov Kukla Teatrının Azərbaycan teatr məkanındakı yerindən danışıb, kollektivi təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

Tədbirdə teatrın əməkdaşlarına Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının diplom və fəxri fərmanları təqdim olunub.

Mərasimdə teatrın repertuarında yer alan tamaşalardan ibarət “Konsert-tamaşa - 85” adlı proqram nümayiş olunub.