TƏDBİR VƏ LAYIHƏLƏR / Görüşlər

 

 

Azərbaycan Teatr Xadimləri İttifaqı 2016-cı il fevral ayının 15-də Türkiyənin Bursa şəhərindəki «Tiyatro Günləri»ndə və Antaliya Böyükşəhər Tiyatrosunun «Konuk Tiyatro» projesində iştirak etmiş

Fotoşəkillər  Video

Azərbaycan Teatr Xadimləri İttifaqı 2016-cı il fevral ayının 15-də Türkiyənin Bursa şəhərindəki «Tiyatro Günləri»ndə və Antaliya Böyükşəhər Tiyatrosunun «Konuk Tiyatro» projesində iştirak etmiş İttifaqın «Rejissor» laboratoriyasında hazırlanmış «Qaçaq qocalar» tamaşasının yaradıcı heyətinin media nümayəndələri ilə görüşünü keçirmişdir.

Tədbirdə KİV nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Musiqili Teatrının, Dövlət Teatr Muzeyinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Şüşa Dövlət Musiqili Dram Teatrının, Bakı Uşaq Teatrının nümayəndələri iştirak etmişlər.

Türkiyədən zəngin təəssüratla qayıtmış yaradıcı heyətin rəhbəri xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, tamaşanın rejissoru, Respublikanın əməkdar artisti Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Bəhruz Vaqifoğlu və Məsumə Babayeva, işıqçı və quraşdırıcı Zaur Abasov, səs operatoru Nazim Kərimli KİV nümayəndələrinə səfər haqqında geniş məlumat vermiş, videogörüntülər nümayiş etdirmişlər.

Qeyd olunmuşdur ki, 2016-cı ilin 23 yanvar – 01 fevral tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqının «Rejissor» laboratoriyasının xalq artisti Cənnət Səlimovanın rəhbərliyi ilə hazırladığı Elçin Hüseynbəylinin «Qaçaq qocalar» tamaşasının yaradıcı heyəti Türkiyənin Bozüyük şəhərində keçirilən «Uluslararası Metristepe Tiyatro Günləri» və Antaliya Böyükşəhər Tiyatrosu tərəfindən təşkil olunmuş «Konuk Tiyatro» isimli projedə uğurla çıxış etmiş, tamaşaçı auditoriyasının dərin rəğbətini qazanmışdır. 10 gün davam edən səfərdə tamaşa 6 dəfə göstərilmişdir. «Qaçaq qocalar» Bozüyük şəhərində, Bursa şəhərinin Uğur Munju adına Mudanya Kültür Mərkəzində və Barış Manço adına Kültür Mərkəzində oynanılmışdır.

28, 29, 30 yanvarda yaradıcı qrup Antaliya Böyükşəhər Tiyatrosu tərəfindən təşkil olunmuş «Konuk Tiyatro» projesində iştirak etmək üçün Antaliyaya gəlmişdir.

«Uluslararası Bozüyük Metristepe Tiyatro Günləri»ndə iştirakına görə Bozüyük Bələdiyyə Başkanlığının, «Konuk Tiyatro» projesində iştirakına görə Antaliya Böyükşəhər Bələdiyyəsinin ödülləri ilə mükafatlandırılan sənətçilər 31 yanvarda səfəri başa vurub Bakıya qayıtmışlar. Tədbirdə çıxış edənlər – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov, əsərin müəllifi Elçin Hüseynbəyli, Şuşa Dövlət Musiqili Dram Teatrının rejissoru Nazir Rüstəmov, teatrşünas Saleh Salahzadə milli mədəniyyətimizin dünyada tanınmasına xidmət edən səfərlərin vacibliyini vurğulamış və davamlı olmasını arzulamışlar.