HAQQIMIZDA / Keçmiş sədrlər

 

 

Qənizadə Sultanməcid

(1866- 1937)

Maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi.

Sultanməcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində anadan olmuşdur.

Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. "Lüğəti-rusi və türki" (1902), "Samouçitel tatarskoqo yazıka" və başqa kitablar S.M.Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və canyanğısından xəbər verir.

Sultanməcid Qənizadə böyük yazıçı və dramaturq idi. Onun ilk qələmə aldığı pyes "Qönçə xanım" adlanıb. Təəssüf ki, bu günə kimi bu pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı, Sultan Məcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr yazıbmış. Ən sanballı bədii əsəri isə "Məktubati-Şeyda bəy Şirvani" adlanır. Əslində bu, bioqrafik bir əsərdir.

Sultanməcid Qənizadə böyük jurnalist idi. Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı.

Sultanməcid Qənizadə böyük Azərbaycanlı idi. Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı.

Yazarın Əli İskəndər Cabbarovla birlikdə yazdığı "Kəlili ədəbiyyat"(müntəxabat), "İstilahi Azərbaycan", "Lüğəti rusi və Azərbaycan(müsəlman)" və s. əsərləri məktəblərdəki boşluğu qismən doldurmağa xidmət etmişdir. O, "Axşam səbri xeyir olar" əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Ən orjinal əsəri "Məktubati Şeyda bəy Şirvani" ümumi başlığı altında yazdığı "Müəllimlər iftixarı" hekayəsi və "Gəlinlər həmayli" romanıdır. Bu əsər ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Yaradıcılığında 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş "Allah xofu" hekayəsi xüsusi yer tutur. S.M.Qənizadə tərcümə sahəsində də özünü sınamışdır. İlk tərcümə əsəri L.Tostoyun "Əvvəlinci şərabçı" əsəridir.

1887-ci ildə Bakıda həmfikiirləri Həbib bəy Mahmudbəyov və Nəcəfqulu Vəliyevlə birlikdə teatr dəstəsi yaratmış və bu fədakar maarifçilərin böyük zəhməti hesabına həmin dəstə teatr truppasına çevrilmişdi. Azərbaycan teatrının yaranması və formalaşmasında mühüm rol oynamışdır. S.M.Qənizadə bir rejissor kimi də fəaliyyət göstərmişdir.

S.Qənizadə 1937-ci ildə 72 yaşında kütləvi repressiyalar zamanı "xalq düşməni" kimi güllələnmişdir.

Haqverdiyev Əbdürrəhim bəy

Yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi (1932).

1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində doğuluşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində almış, sonra Şuşa realnı məktəbində oxumuşdur (1881-1890).

Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazır.

1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamasalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901), «Ağa Məhəmməd Şah Qacar» faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. Dünya dramaturgiyasının bir sıra gözəl nümunələrini Azərbaycan dilinə tərcümə edib. Həm rejissor, həm dramaturq, həm də bacarıqlı teatr işi təşşkilatçısı – truppa rəhbəri kimi Azərbaycan teatrının formalaşmasında mühüm rol oynayıb. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və «Molla Nəsrəddin» jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir. Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə Bakıda vəfat edib.

 

Mahmudbəyov Həbib bəy

Müəllim, Aleksandr Müəllimlər İnstitutunun məzunu.

Həbib bəy Mahmudbəyov 1864-cü ildə Şamaxı şəhərində anadan olmuşdur.

1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə Tiflisə gedərək oradakı Aleksandr Müəllimlər İnstitutuna daxil olur. Onlar 1887-ci ildə birlikdə ilk özəl rus müsəlman məktəbini açırlar. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olur və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirir. Qısa müddətdə həmin məktəb məşhurlaşır və 1891-ci ildə dövlət təminatına keçirilir. Sonradan bu tip məktəblər Azərbaycanda geniş yayılır.
1896-cı ildə Həbib bəy Mahmudbəyov S. M. Qənizadə, İ. Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanası təşkil edir.
1917-ci il oktyabr çevrilişinədək H. Mahmudbəyov böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olub, Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak edib.

Azərbaycanda sovet hökuməti qurulduqdan(1920 il 28 aprel) sonra H. Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Respublikada ali pedaqoji təhsilin təşkilində onun böyük xidmətləri var.
Həbib bəy teatr həvəskarı idi. O, teatr truppasına rəhbərlik edirdi.Azərbaycan teatr aləmində canlanma bir də 1887-ci ildə müşahidə edilməyə başlayır. Əvvəlkindən fərqli olaraq, bu canlanmada mütəşəkkillik nəzərə çarpıb. Nəcəf bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Nəcəfqulu bəy Vəliyevin, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr truppaları dövrün teatr prosesini canlandırıb.

Həbib bəy Mahmudbəyov xeyirsхащ bir şəxsiyyət idi. O, kimsəsizlərin əlindən tutur, hərtərəfli yardım edirdi. Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub.

Hacıbəyov Zülfüqar

İstedadlı bəstəkar, fəal ictimai xadim, respublikanın əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın təşəkkül tapmasında və inkişafında mühüm rol oynamışdır.

Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov 1884-cü il aprel ayının 17-də Şuşa şəhərində anadan olmuşdur. Zülfüqara ciddi musiqi təhsili almaq nəsib olmasa da o, tarda çalmağa öyrənmişdir.

Zülfüqar Hacıbəyov 1908-ci ildə "Leyli və Məcnun" operasının səhnə təcəssümü tapmasında yaxından iştirak etmişdir. Məhz bu operanın ciddi təsiri nəticəsində o, bəstəkarlıq sahəsində yaradıcılıq fəaliyyətinə başlamışdır.

Zülfüqar Hacıbəyov 3 musiqili komediyanın - "Əlli yaşında cavan". "Varlı və yaxud on bir yaşında gəlin", "Evli ikən subay", "Aşiq Qərib" muğam-operasının, "Azərbaycan" kantatasının, Fikrət Əmirovla birgə bəstələdiyi Xalq Çalğı Alətləri Orkestri üçün "Cəngi" əsərinin, oğlu - böyük dirijor və bəstəkar-maestro - Niyazi ilə birlikdə "Almas" kinofilminə yazdığı musiqinin xor və simfonik orkestr üçün, nəfəsli orkestr üçün vətənpərvərlik marş və mahnılarının müəllifidir. Onun Nizaminin "İskəndərnamə" poeması əsasında yazmağa başladığı "Nüşabə" operası yarımçıq qalmışdır.

Azərbaycan xalq musiqi nümunələrinin toplanması və nota salınmasında Zülfüqar Hacıbəyovun müəyyən xidmətləri olmuşdur. Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 1927-ci ildə çap etdirdikləri "Azərbaycan türk el nəğmələri" məcmuəsinə daxil olan bir çox nümunələr məhz Zülfüqar Hacıbəyov tərəfindən nota yazılmışdır. O, 150-yə qədər xalq mahnılarını toplayıb nota salmışdır. Lakin bu nümunələr əlyazması şəklində onun arxivində saxlanılır.

Zülfüqar Hacıbəyov yaradıcılıqla yanaşı fəal ictimai musiqi xadimi kimi Azərbaycan radio verilişləri Komitəsində, Qırmızı əsgər sarayında (indiki Filarmoniyada), müxtəlif teatr və konsert təşkilatlarında məsul vəzifələrdə çalışmışdır.

Hacıbəyli Üzeyir

(18 sentyabr 1885, Şuşa (Ağcabədi k.) – 23 noyabr 1948, Bakı) — dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunub.

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür.

Üzeyir Hacıbəyov Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazmışdır). Onun "Ər və arvad" (1909, ilk tamaşası: 1910), "O olmasın, bu olsun" (1910, ilk tamaşası: 1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovlinin yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır.

Üzeyir bəyin öz qardaşı Zülfüqar bəylə birlikdə yaratdığı "Hacıbəyli qardaşları müdiriyyəti" Azərbaycan peşəkar teatrının formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.

 Şərifzadə Abbasmirzə

(9.3.1891-16.11.1938)

Romantik aktyor məktəbinin Hüseyn Ərəblinskidən sonraki ən ləyaqətli davamçısı görkəmli faciə aktyoru, böyük rejissor, cəfakeş teatr xadimi, kino sənətimizin tərəqqisində müstəsna rolu olan Abbasmirzə Şərifzadədir. O, 9 mart 1891-ci ildə Şamaxıda doğulub və iki yaşında ikən ailəsi Bakıya köçüb. Atası Mirzə Rəsul Şərifzadə müəllim işləyib, anası Fərruxbəyim isə evdar qadın olub.

İlk təhsili evdə atasından alan Abbasmirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-tatar (yəni rus-türk) məktəbinə daxil olub. Üç il burada oxuyan Şərifzadə bir ildən sonra III Aleksandr adına kişi gimnaziyasına qəbul edilib. Ancaq tutulduğu uşaq xəstəliyi ona təhsilini davam etdirməyə imkan verməyib. Böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticarət işlərdə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib. Hüseyn Ərəblinskinin oyunu digər həmyaşıdları kimi, Abbasmirzəni də məftun edib. Get-gedə qəlbində aktyorluq sənətinə böyük maraq oyanan gənc 1908-ci ildə Müsəlman Dram Artistləri dəstəsinin hazırladığı Molyerin "Zorən təbib" komediyasında Lal qız rolunda ilk dəfə səhnəyə çıxıb. Bununla taleyini ömürlük səhnəyə bağlayan Şərifzadə "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi fəaliyyət göstərib. Aktyorluğa başladığı ilk illərdə tamaşaların məramnamələrində qardaşı "Şərifzadə-1" (Şərifov), özü "Şərifzadə-2" yazılıb.

1917-ci il 18 oktyabrda kifayət qədər şöhrətlənmiş sənətkar “Müsəlman Aktyorları İttifaqı”nı yaradıb və özü də onun sədri olub. İttifaqda İki illik aktyorluq kursu yaraddılmışdı ki, bu da ilk milli səhnə təhsilimizin qaranquşu sayılır.

Abbasmirzə Şərifzadə iyirminci illərin sonunda qısa müddət Bakı Türk İşçi Teatrında (1932) və kino fabrikində işləsə də, 1928-ci ildə opera teatrına baş rejissor təyin olunsa da, onun rejissor, əsasən aktyor yaradıcılığı bilavasitə Milli teatrla bağlıdır. O, Azərbaycan səhnə sənətini başqa məmləkətlərdə tanıtmaqda da böyük işlər görüb. Onun başçılığı ilə aktyorlarımız İranda (1914), Aşğabadda (1917), Hacıtərxanda (1918), dəfələrlə Tiflisdə, Batumida, İrəvanda... qastrollarda olublar.

Abbasmirzə Şərifzadə 1937-ci ildə repressiyaya məruz qalıb, 16 noyabr 1938-ci ildə güllələnib. Əllinci illərdə ölümündən sonra bəraət almış sənətkara 1963-cü ildə təntənəli şəkildə 70 illik yubiley keçirilib. Onun adına Bakıda küçə var. Vaxtilə özü sədr olduğu Cəmiyyətin yerləşdiyi Aktyor Evi Abbasmirzə Şərifzadənin adını daşıyır.

Mәmmәdova Şövkәt

(18 aprel, 1897, Tbilisi – 8 iyun 1981, Bakı)

Müğәnni (lirik-koloratur soprano), pedaqoq, musiqi xadimi, İlk Azәrbaycan professional qadın müğәnni, SSRİ Xalq Artisti (1938).

1948-52-ci illərdə Azərbaycan teatr Cəmiyyətinin sədri olmuşdur.

Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşi olan istəyi hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.

1911-ci ildə Hacı Zeynalabdin Tağıyev və həyat yolldaşı Sona xanımın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur.O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir.

1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına ( indiki Kiyev Musiqi Akademiyası) daxil olur.

1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.

1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur, orada 1912-ci ildə yarımçıq qoyduğu təhsilini 1927–1930-cu illərdə davam etdirir.

Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edir. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında ömrünün son günlərinədək tələbələrə professional vokal dərsləri verir.

1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.

Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C.Rossini), Lakme ("Lakme" L.Delib), Cilda ("Riqoletto" C.Verdi), Şahsənəm ("Şahsənəm" R.Qlier), Nərgiz ("Nərgiz" M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan" Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır.

Təhmasib Rza

(20.4.1894-14.2.1980)

Azərbaycan kinorejissoru, aktyor və pedaqoq.

Rza Təhmasib Azərbaycan teatr və kino sənətinin korifeylərindən idi. Milli teatrımızın inkişaf edib formalaşmasında bu böyük sənət fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin unudulmaz səhifələrini təşkil edir.

1952-56- ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuşdur.

Rza Abbasqulu oğlu 20 aprel 1894-cü ildə Naxçıvanda, mədəniyyəti və elmi yüksək qiymətləndirən bir ailədə doğulub. İlk təhsilini Naxçıvanda alıb və doğma dillə yanaşı, rus dilini mükəmməl öyrənib. Səhnəyə də ilk dəfə 1907-ci ildə məktəbdə hazırlanan Nikolay Qoqolun "Ölü canlar"ında Çiçikov rolunda çıxıb. Tamaşa rusca oynanılıb. Taninmiş tacir olan, Türkiyə, İran, İrəvan, Tiflis ilə alış-veriş əlaqələri qurmuş atasi Abbasqulu bəy 1910-cu ildə oğlunu Tiflisə oxumağa yollayıb. Gənc Rza burada səkkizillik ticarət məktəbinin dördüncü sinfinə daxil olub. Az müddətdə Tiflisin ədəbi-mədəni həyatı ilə tanış olan Rza Təhmasib buradakı Azərbaycan teatr həvəskarları dərnəyinə üzv yazılıb. Təhsil ocağını 1915-ci ildə bitirib və işləmək üçün Bakıya göndərilib. O, müxtəlif idarə işlərində çalışıb. 1920-ci ilin payızında Milli Dram Teatrına işə götürülüb.

Milli səhnəmizdə obrazın səhnə təfsirinə (traktovkasına) ciddi yanaşan, sifət ifadələrinin (mimikanın) xarakterin açılmasında mühüm amil olduğunu əyani göstərən aktyorlar arasında ilkinlərdən biri də Rza Təhmasib idi. Cəfər Cabbarlının tiplər qalereyasında Aydın və Dövlət bəy ("Aydın"), Elxan və Əbu Übeyd ("Od gəlini"), Balaş ("Sevil"), Hacı Əhməd ("Almaz"), İmamyar ("Yaşar"), General-qubernator ("1905-ci ildə"), Mirzə Cəlil Məmmədquluzadənin ölməz İsgəndər və Hacı Həsən ağa ("Ölülər"), Hüseyn Cavidin İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Keykavus ("Səyavuş"), Dəli knyaz ("Knyaz"), Əbdürrəhim bəy Haqverdiyevin Fərhad və Hacı Səməd ağa ("Bəxtsiz cavan"), Pərviz xan ("Köhnə duman"), Nəcəf bəy Vəzirovun Fəxrəddin və Rüstəm bəy ("Müsibəti-Fəxrəddin"), Mirzə İbrahimovun Süleyman ("Həyat") kimi səhnə personajlarının ifaçıları sırasında mahir xarakterlər aktyoru Rza Təhmasibin öz yaradıcılıq nailiyyətləri var.

Aktyor kimi teatrın aparıcı sənətkarlarından olan Rza Təhmasib Milli Dram Teatrında rejissorluq da edib. 1930-cu ilin axırlarından isə kino yaradıcılığına keçib. "Arşın mal alan" filmi onun ən uğurlu işidir. Bu filmə görə Stalin mükafatına layiq görülüb.

Rza Təhmasib əvvəllər Bakı Teatr Məktəbində, 1946-cı ildən ömrünün sonunadək teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (17 iyun 1943) və Xalq Artisti (29 iyun 1964) fəxri adları ilə təltiflənib. Rza Təhmasib 14 fevral 1980-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.

Davudova Mərziyyə

(25 noyabr, 1901, Həştərxan-6 yanvar, 1962, Bakı).

Teatr aktrisası. SSRİ xalq artisti. Dövlət mükafatı laureatı.

1956-61-ci illərдя Azərbaycan Тeatr Cəmiyyətinin sədri olmuşdur.

Azərbaycan teatrının ilk peşəkar aktrisalarından olan, faciə, qəhrəman və dramatik səpkili rollarda böyük şöhrətə yiyələnmiş, yaradıcılığı bu gün məktəb kimi davam etdirilən sənətkar Mərziyə Yusif qızı Davudova (əslində Dautova) Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. 1901-ci ildə Həştərxanda anadan olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşı vardı. O, Həştərxanda İqbal məktəbində "Birinci тeatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaratmışdır. Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi.
1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərmişdir.

Aktrisa arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Milli teatrın aparıcı sənətçilərindən olub.

Cəfər Cabbarlının "Aydın" (Gültəkin), "Oqtay Eloğlu" (Firəngiz), "Od gəlini" (Solmaz), "Sevil" (Gülüş və Sevil), "Almaz" (Yaxşı və Almaz), "Solğun çiçəklər" (Gülnisə), "Dönüş" (Gülsabah və Turac), "1905-ci ildə" (Nabat və Sona), "Trablis müharibəsi" (Şəmsa) əsərlərinin tamaşalarında əsas rollarda uzun illər səhnəyə çıxıb.

Mərziyə Davudova daxili ehtirası, güclü səhnə temperamenti, monumental janrın tələblərinə cavab verən ifadə vasitələri, romantik təxəyyülü ilə faciə aktrisası idi.

Psixoloji dramatizminə, obrazın ikinci planını tamaşaçıya təqdim etmək hünərinə, dramatik personajların ifasında oyun-üslub keyfiyyətlərinə görə realist aktyor məktəbinə mənsub idi. Romantik sevgi rollarında oyunu öz poetikilyi, həzin lirızmi, poetik təravəti, səhnə hərəkətləri zərifliyi, məlahəti və cazibəsi ilə könül oxşayırdı.

Təbiətcə xeyirxah olması səhnədə yöndaşlarına münasibətdə, xüsusən gənc aktyorlarla işində nəzərə çarpırdı. Mərziyə xanım heç vaxt öndə "görünmək" xatirinə mizanı pozmaz, lazım gələndə səhnənin lap dərinliyində psixoloji realizmlə vəziyyəti oynayardı.
Ağır xəstəliyə tutulduğuna görə Mərziyə Davudovanın yubileyi yeddi ay tez, 20 may 1961-ci ildə keçirildi. Altmış yaşı tamam olandan iyirmi yeddi gün sonra aktrisa dünyasını dəyişdi. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Mərdanov Mustafa

(28 Fevral 1894 - 12 Dekabr 1968).

Azərbaycaen Respublikasının xalq artisti.

1962-1969-cu illərdə Azərbaycan teatr Cəmiyyətinin sədri olmuşdur.

Mustafa Həşım oğlu Mərdanov 1894-cü ildə Cənubi Azərbaycanda — Mərənddə dünyaya göz açmışdı. Amma o hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli və onlarla sənət korifeylərindən öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı. Tiflis teatrında "Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq yağmura düşdük"- də Hacı Qəmbər, "Nadir şah"da Ədhəm kimi rolları yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynadı.

O vaxtlar Mustafa Mərdanovun Xlestakovunu ("Müfəttiş") qəzetlər kifayət qədər tərifləyirdilər. İmamverdi ("Sevil"), Luka ("Həyatın dibində"), Şmaqa ("Günahsız müqəssirlər"), Poloni ("Hamlet") və onlarla səhnə qəhrəmanları onun ifasında dəfələrlə dram teatrının səhnəsində tamaşaçı alqışları ilə qarşılanmışdır. Mustafa Mərdanovun teatr yaradıcılığı böyük bir dövrü əhatə edir. O, teatra gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirdi, ona yeni rənglər, çalarlar gətirdi.

O bütün ruhu, qəlbi ilə azərbaycanlı idi. Yaratdığı obrazların hər birində milli ruh hakimdir.

Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alırdı. Çünki onun aktyor plastikası, sifət cizgiləri, obrazı qavramaq bacarığı kino aktyoru üçün olduqca vacib idi.

Muzdur Qulu ("Bismillah (film, 1925 Bismillah") onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi kimi çox qiymətlidir. Səssiz kinomuzun dəyərli nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılmış və orada Mustafa Mərdanov da maraqlı rol ifa etmişdi. Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. Актйор 1929-cu ildə çəkilən "Sevil" filmində Atakişi rolunu ifa etdi.

Bu böyük sənətkarın kinomuzda ən uğurlu rollarında biri "O olmasın, bu olsun" filmindəki "intelligent" Həsən bəy oldu. "Əhməd hardadır?" filmində Məhəmməd kişi rolu da Mustafa Мярдановун  yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. 1968-ci ildə "Qanun нaminə" filmində yaratdığı Murtuzov obrazı aktyorun sоn rolu oldu. 

Məmmədov Mehdi

(28.5.1918 - 8.1.1985)

Teatr rejissoru, aktyor, teatr nəzəriyyəçisi. Sənətşünaslıq doktoru, professor, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı.
1969-1976-cı illərdə Az\rbaycan Teatr Cəmiyyətinin sədri olub.

Milli rejissuramızda xüsusi yeri olan Mehdi Məmmədovun quruluş verdiyi tamaşalarda idrakin gücü zərifliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşaraq tamaşaçını düşüncələr aləminə aparırdı. Onun quruluşlarının ritmindəki karvan ləngəri, ahəngin ağırlığı sənətkar təfsirinin fəlsəfi dərinliyindən, rejissor yozumundakı qanadlı fikirlərdən, epizodlardakı mizan düzümündən, obrazların xarakterini açan ifadə vasitələrindəki rəngarənglik­dən irəli gəlirdi.

Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada doğulsa da, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935). Həmin il Moskvada ali rejissor təhsili almağa gedib.
1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlib. Burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlayıb.

Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960- 1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor kürsüsünü tutub. Sıravi quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar verib.
1945-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri olub. 1968-ci ildə "Azəri dramaturgiyasının estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən professor vəzifəsini tutan, sənətşünaslıq doktoru Mehdi Məmmədov "Azəri dramaturgiyasının estetik problemləri", "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski". "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov" (rus dilində), "Rejissor sənəti", "Sabit Rəhman" və digər kitabların müəllifidir.

Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov Respublikanın Əməkdar incəsənət xadimi (21 iyul 1949), Xalq Artisti (26 aprel 1958) və SSRİ xalq Artisti (7 avqust 1974) fəxri adlarına layiq görülüb.
Akademik teatrda hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub. Mehdi Əsədulla oğlu Məmmədov 1985-ci il yanvar ayının 28-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Bədəlbəyli Şəmsi

(23.02.1911 - 24.05.1987)

Rejissor, Azərbaycanın xalq artisti.

1976-86-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuşdur.

Azərbaycanın tanınmış rejissoru Şəmsi Bədəlbəy oğlu Bədəlbəyli 23 fevral 1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub. Atası Bədəl bəy Bədəlbəyli, əmisi Əhməd Ağdamski (Bədəlbəyli) milli dram və musiqi teatrımızın dirçəlişində böyük işlər görmüşlər. Bədəl bəy həm müəllimlik edir, həm də aktyor kimi səhnəyə çıxır, operetta, opera və dram əsərlərinin tamaşalarında oynayırdı.

Şəmsi Bədəlbəyli atasının yolu ilə gedərək 1923-cü ildən 1927-ci ilin mayına qədər Bakı Pedaqoji Texnikumunda təhsil alıb. Tələbə vaxtı həvəskar aktyor kimi tamaşalarda oynayıb. 1927-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinifinə daxil olub. Sonra Üzeyir bəy Həcıbəyovun rəhbərlik etdiyi kompozisiya nəzəriyyəsi sinifində təhsilini davam etdirib.

Tələbə ola-ola Milli Dram Teatrının kiçik orkestrində tar çalıb. Yaş fərqlərinə baxmayaraq burada dramaturq Cəfər Cabbarlı, aktyor-rejissor İsmayıl Hidayətzadə ilə, rejissor-pedaqoq Aleksandr Tuqanovla dostluqları başlayıb. 1932-ci ildə rejissor assistenti kimi bir neçə tamaşanın hazırlıq prosesində iştirak edib.

Şəmsi Bədəlbəylinin sənət qabiliyyətini nəzərə alaraq Xalq Maarif komissarlığı onu 1933-cü ildə Moskvaya təhsil və təcrübə keçməyə göndərib. Təhsilini başa vurub Bakıya qayıdan Şəmsi Bədəlbəyli Akademik Milli Dram Teatrının rejissor heyətinə işə götürülüb və 1941-ci ilə qədər bu kollektivdə çalışıb.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (1943 - 1949) bədii rəhbər təyin olunub. Teatrda 1956 - 1961-ci illərdə baş rejissor və 1965 - 1974-cü illərdə də bədii rəhbəri işləyib. 1949-cu ildə teatr bağlananda o, Azərbaycan Dövlət Filarmoniyasına direktor təyin edilib. Bu vəzifədə 1974-1976-cı illərə qədər çalışıb. 1976 - 1981-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (indiki Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri seçilib. 21 noyabr 1986-cı ildə fəxri təqaüdə çıxıb. Yaradıcılığı Musiqili Komediya Teatrı ilə daha sıx bağlı olan Şəmsi Bədəlbəyli bu kollektivin yaranması və inkişafında böyük işlər görüb.

Ş.Bədəlbəyli Dram teatrında "Ölülər", Opera və Balet Teatrında "Koroğlu", "Əsli və Kərəm", "Sevilya bərbəri", Musiqili Komediya Teatrında "Gözün aydın", "Durna", "Arşın mal alan", "Hicran" və s. əsərlərə quruluş verib. 1957-ci ildə Türkmənistan Opera və Balet Teatrında "Koroğlu" operasını tamaşaya qoyub. «Ömrün səhifələri», «Axırıncı aşırım», «O qızı tapın» və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Görkəmli rejissor, bacarıqlı inzibatçı Şəmsi Bədəl oğlu Bədəlbəyli musiqili teatr sənətimizin inkişafında, onun tərəqqi yolunda göstərdiyi böyük xidmətlərə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 29 iyul 1964-cü ildə Xalq Artisti fəxri adları ilə təltif olunub.

Şəmsi Bədəlbəyli 23 may 1986-cı ildə vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub. Bakıda küçələrdən biri onun adını daşıyır.

İmanov Lütfiyar

(17.04.1929 - 21.01.2008)

Opera müğənnisi. Pedaqoq. SSRİ Xalq artisti

1986-91-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmuşdur.

Lütfiyar İmanov 17 aprel 1929-cu ildə Sabirabad rayonunnda anadan olub. İlk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "Beş manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradıb. 1957-ci ildə Azərbaycan Dövlət Konservatotriyasında A.Milovanovun sinfində musiqi təhsilini bitirib və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib. 1959-cu ildə Moskva şəhərində keçirilən dekadada «Koroğlu» operasında baş rolu – Koroğlu rolunu oynayıb. 1968-ci ildə İncəsənət Universitetini bitirib. 30-dan çox operada baş rolun ifaçısı olub. 1965-ci ildə Moskvada Bolşoy Teatrda, 1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçib. 1985-ci ildә Ankara Opera vә Balet Teatrının "Arşın mal alan" tamaşasında Әsgәr rolunu oynayıb.

1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verib. 1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubadur", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışıb. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı olub. 1977-ci ildə SSRİ Xalq artisti fəxri adına layiq görülüb.

21 yanvar 2008-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

Turabov Həsənağa

(24.04.1938-23.02.2003)

Görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti. Dövlət mükafatları laureatı. Professor. 1991-2003-cü illərдя Azərbaycan Teatr Xadimləri İttifaqının Prezidenti olmuşdur.

Həsənağa Səttar oğlu Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Театр İnstitutunu  aktyorluq ixtisası üzrə bitirib. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.
Azərbaycan aktyor sənəti tarixinə lirik-psixoloji üslubun yaradıcılarından biri  kimi daxil olub.

Ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu məşhur aktyorun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaradıb. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Həsənağa Turabov bir çox əsərlərin qəhrəmanlarına səhnə həyatı verərək ədəbiyyatın daim diqqət mərkəzində olan insan problemini bütün çalarları ilə tamaşaçıların yaddaşına həkk edib. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı Vahidi ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") kimi obrazlar sənətsevərlər tərəfindən daim dərin rəğbət və məhəbbətlə qarşılanıb.

Həsənağa Turabov həm də bacarıqlı təşkilatçı idi. O, 1987-2001-ci illərdə Azərbaycan Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri vəzifələrində işləmiş, eyni zamanda 1991-2003-cü illərдя Azərbaycan Teatr Xadimləri İttifaqının Prezidenti olmuşdur. Onun rəhbərliyi dövründə Akademik Milli Dram Teatrı əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuş, Teatr Xadimləri İttifaqı tərəfindən çoxsaylı teatr festivalları, müxtəlif tədbirlər keçirilmişdir. Azərbaycan mədəniyyəti qarşısında göstərdiyi xidmətlətə görə, Azərbaycan Dövlət Mükafatına (1972) və Xalq artisti fəxri adına (1982) layiq görülmüşdür.

Həsənağa Turabov 23 fevral 2003-cü ildə Bakı şəhərində dünyasını dəyişmişdir.