İttifaqın bölgələr üzrə təmsilçiləri. Sumqayıt

İttifaqın bölgələr üzrə təmsilçiləri. Sumqayıt

FİRUDİN MƏHƏRRƏMOV

Firudin Əliməmməd oğlu Məhərrəmov 1959-cu il mayın 10-da Lerik rayonunda anadan olmuşdur.

1987-ci ildə Azərbaycan Dövlət İncəsənət institutunda professor, Xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi rejissorluq kursunu bitirmişdir. Tələbəlik illərində "Bir məhəbbətin tarıxçəsi" (Rey Bredler) "Kamança"(C.M.Məmmədquluzadə), "Şirə bənzər" (R.İbrahimbəyov) və "Elektra" (Sofokl) kimi əsərlərə Tədris teatrında quruluş vermişdir.

1987-ci ildə V.Şukşinin "Diribaş adamlar"əsərinə verdiyi quruluşla F.Məhərrəmov Sumqayıt Dövlət Musiqili Dram Teatrında rejissor kimi işə başlamış, bu günədək teatrının səhnəsində 30-dan çox əsərə quruluş vermişdir.. Onun quruluş verdiyi "Təxribatçılar" (S.Mrojek), "Subaylarınızdan görəsiniz" (İ.Məlikzadə və S.Ələsgərov) , "Yaralar" və "Kim nə deyər bizdə olan qeyrətə" (A.Babayev), "Qarışqa yuvası" (Ə.Qiyas) , "Hamlet" (V.Şekspir), "Aydın" (C.Cabbarlı), "Bir köpək vardı" (G.Xuqayev), "Dağlarda tufan" (Ə.M.Lələdağ), "Qarağaclar altında məhəbbət" (Y.Onil), "Bayramın birinci günü" (N.Hikmət), "Mənim ağ göyərçinim" (T.Vəliyeva), "Varlı qadın" (Ə.Əmirli), "Qaraca qız" (A.Şaiq) "Birincilər və sonuncular" (C.Qolsuorsi), "Şərəfin sandığı" (M.Atəş) və O.Fikrətoğlunun "Qapı" monotamaşaları sənətşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. 1998-ci ildə Gürcüstanın Rustavi şəhərinin 50 illiyinə həsr olunmuş, Beynəlxalq "Qızıl maska" festivalında F.Məhərrəmov quruluş verdiyi "Müsyo Jordan və Dərviş Məstəli şah" (M.F.Axundov) tamaşasına görə "Klassik əsər üzərində uğurlu eksperiment" prizi ilə təltif olunmuşdur. 2005-ci ildə Respublikamızda keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında F.Məhərrəmov "Ümid sahili" tamaşasına görə "Uğurlu aktyor ansamblı"- rejissor prizinə layiq görülmüşdür. F.Məhərrəmov həmçinin Musiqili Komediya Teatrında "Hicran", Füzuli Dövlət Dram Teatrında "Danabaş kəndinin əhvalatları", İrəvan Teatrında E.Əfəndiyevin "Poçt şöbəsində xəyal", Anarın "Telefon gecələri" əsərlərinə quruluş vermişdir.

F.Məhərrəmov bədii yaradıcılıqla da məşğul olur. O, 5 pyesin, bir neçə teleserial ssenarisinin müəllifi, 4 pyesin tərcüməçisidir.

F.Məhərrəmovun hazırladığı "Müsyo Jordan və Dərviş Məstəli şah" (M.F.Axundzadə), "Öz xoşuna gəzən pişik" (R.Kiplinqin) tamaşaları Respublika televiziyasının Qızıl fondunda saxlanılır.

F.Məhərrəmov 2005-ci ildə "Respublikanın Əməkdar artisti" fəxri adına, 2007-2008-ci illərdə Prezident mükafatına layiq görülmüşdür.