TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

İlham Əsgərov – 60

 

Fotoşəkillər

 

11 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Xalq artisti İlham Əsgərovun 60 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Akademik Milli Dram Teatrında keçirilən tədbirdə görkəmli teatr xadimləri, ziyalılar, media nümayəndələri, sənətkarın ailə üzvləri, İlham Əsgərov sənətinə dərin hörmət bəsləyən tamaşaçılar iştirak etmişlər.

Tədbir iştirakçıları Azərbaycan Teatr Xadimləri İttifaqı və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış İlham Əsgərovun həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxmışlar.

Mərasimi giriş sözü ilə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov açmışdır. O, unudulmaz sənətkarın yaradıcılığından, keçdiyi mənalı ömür yolundan söz açmış, onun işıqlı xatirəsini ehtiramla yad etmişdir.

Tədbirin aparıcısı, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov İlham Əsgərovun yaradıcılıq bioqrafiyasının vacib məqamları haqqında danışmışdır. O, qeyd etmişdir ki, İlham Əsgərov 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda işlədiyi müddətdə maraqlı və rəngarəng obrazlar yaradıb. İlham Əsgərov həm də bədii qiraət ustası kimi böyük şöhrət qazanıb. Bənzərsiz səsi, aydın, səlis diksiyası ilə söylədiyi şeirlər onu milyonların sevimlisi edib. İlham Əsgərov Azərbaycan Dövlət Radiosunun məşhur “Bulaq” verilişinin aparıcılarından biri olub.

Tədbirdə çıxış edənlər – Xalq artistləri Nurəddin Mehdixanlı, Məleykə Əsədova, Səidə Quliyeva, Mərahim Fərzəlibəyov və digərləri İlham Əsgərovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Tədbirdə aktyorun rol aldığı tamaşalardan fraqemntlər və söylədiyi şeirlər nümayiş etdirilmişdir. Mərasimin sonunda sənətkarın ömür-gün yoldaşı Yeganə xanım tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir. Sonra qonaqlar Akademik Milli Dram Teatrı aktyorlarının ifasında İlham Əsgərovun xatirəsinə həsr olunmuş Həsən Həsənovun “Qürbətdən gələn məktublar” tamaşasına baxmışlar. Vaxtilə həmin tamaşada İlham Əsgərov Mirzə Fətəli Axundzadə obrazını ifa etmişdir.

Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əjdər Həmidov, Əməkdar artistlər Kazım Abdullayev, Elşən Cəbrayılov, Vəfa Zeynalova və aktyor Elçin Əfəndi ifa etmişlər.