TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

«İKİ DOST»

20 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli teatr xadimləri Zəfər Nemətov və Həsən Haqverdiyevin 100 illiyinə həsr olunmuş «İki dost» adlı tədbir keçirilmişdir. Tədbirdə Əməkdar incəsənət xadimi Zəfər Nemətova həsr olunmuş «Zəfər ömrü» kitabı və Həsən Haqverdiyevin rəsm əsərlərindən ibarət «Davam» sərgisi təqdim olunmuşdur. Mərasimdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətkarların ailə üzvləri iştirak etmişlər. Tədbirdə iki görkəmli şəxsiyyətin ömür yoluna nəzər salınmış, onların həyat və sənət dostluğundan söhbət açılmış, Zəfər Nemətov və Həsən Haqverdiyevin həyat və yaradıcılığını əks etdirən sərgi və videoçarx nümayiş olunmuşdur.

Aparıcı – görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov həyatın ağır sınaqları ilə üz-üzə qalmış iki dostun sənətə bağlılığından danışmış və sözü çıxış edənlərə vermişdir.

Çıxış edənlər – Azərbaycan Respublikasının Xalq artisti Əminə Yusifqızı, Həsən Haqverdiyevin övladları - Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar rəssam Hüseyn Haqverdiyev, Filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədli, «Zəfər ömrü» kitabının müəllifi Aida Qafarova, Zəfər Nemətovun oğlu - Xalq artisti, professor Azər Paşa Nemətov yubileyi qeyd olunan sənətkarların bənzərsiz yaradıcılıqları haqqında danışmış, onların xatirəsini hörmətlə yad etmişlər.