TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

Görkəmli aktyor İmamverdi Bağırovun 100 illiyinə həsr olunmuş anım günü

23 dekabr 2013-cü il tarixdə görkəmli aktyor İmamverdi Bağırovun 100 illiyinə həsr olunmuş anım günü keçirilmişdir. İmamverdi Bağırov Akademik Milli Dram Teatrı, İrəvan, Tiflis, Qazax, Quba, Gənc Tamaşaçılar və digər teatrlarda işləsə də, ömrünün və yaradıcılığının çox böyük hissəsi Musiqili Komediya Teatrında keçmişdir. O, bu teatrın səhnəsində maraqlı obrazlar yaradaraq dövrünün görkəmli aktyorları ilə tərəf-muqabili olmuşdur. Müasirləri onu ikinci dərəcəli obrazların mahir ifaçısı hesab etmişlər. İmamverdi Bağırov teatr sənətinə və yaradıcılığına məsuliyyətlə yanaşan, özünə və başqalarına qarşı həmişə tələbkar olan sənətkar idi. Onun teatr sahəsində gördüyü işlər bir çox insanların hələ də yaddaşındadır.

İ.Bağırov «Keto və Kote»də Tacir Makar, «Ev bizim, sirr bizim»də Aslanlı, «Özümüz bilərik»də Bəbirli, «Qonşumuzda bir oğlan var»da Raykom katibi, «Toy kimindir?»də Professor, «Hacı Qara»da Dərviş, «Ulduz»da Möhsün, «Hacı Kərimin aya səyahəti»ndə Ağa Sirusi və başqa obrazları özünəməxsus ustalıqla ifa etmişdir.

İmamverdi Bağırovun 61 illik səhnə fəaliyyətinin 35 ili Musiqili Komediya Teatrında keçib. Onun həm də yüksək peşəkar səviyyəli aparıcılıq qabiliyyəti var idi. Teatrda məsuliyyətli insan kimi tanınan İmamverdi Bağırov ailədə də mehriban ata, qayğıkeş ailə başçısı idi.

Tədbirə dəvət olunanlar İmamverdi Bağırovla bağlı fikir söyləyib, mərhum sənətkarı yad edəcəklər. Tədbirdə həmçinin mərhum sənətkarın ailə üzvləri də iştirak edib, onun haqqında xatirələrini danışacaqlar. Tədbirdə İmamverdi Bağırovun oynadığı tamaşalardan fraqmentlər nümayiş etdiriləcək.