TƏDBİR VƏ LAYIHƏLƏR / Görüşlər

 

 

Hərbçilərlə görüş

 

25 fevral 2017-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrı nümayəndələrinin iştirakı ilə sərhəd qoşunlarının Türkanda yerləşən hərbi hissəsinin zabit və əsgər heyəti ilə görüş keçirilmişdir.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq Artisti Azər Paşa Nemətov, Sədr müavini, Xalq Artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, İttifaqın əməkdaşları, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı aktyorları – Xalq Artisti Məleykə Əsədova, Əməkdar Artist Sabir Məmmədov və digərləri iştirak etmişlər.

Azərbaycan himni ilə başlanan tədbirdə Teatr Xadimləri İttifaqının Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarx nümayiş olunmuşdur.

Teatr Xadimləri İttifaqının Sədr müavini Hacı İsmayılov Xocalı faciəsinin ildönümü barədə qısa məlumatdan sonra hərbçilərə həsr olunmuş şeir söyləmişdir. Sonra söz Məleykə Əsədovaya verilmişdir. Məleykə Əsədova vətənpərvərlik mövzusunda söylədiyi şeirlərlə hərbçilərdə ruh yüksəkliyi yaratmış, onlara gələcək işlərində daha böyük nailiyyətlər arzulamışdır.

Ardınca Əməkdar Artist Sabir Məmmədovun hərbçilərdən birinin yazdığı şeiri söyləməsi böyük maraqla qarşılanmışdır.

Sonra aktyorlar Kərəm Hadızadə, Bəhruz Vaqifoğlu və Məsumə Babayevanın iştirakı ilə Teatr Xadimləri İttifaqının «Zəfər» Teatr Studiyasında rejissor Nofəl Vəliyevin hazırladığı Elçin Hüseynbəylinin «Qaçaq qocalar» tamaşası oynanılmışdır. Tamaşa hərbçilər tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.

Görüşün sonunda sərhəd qoşunları adından hərbi hissənin nümayəndəsi qonaqlara təşəkkürünü bildirmişdir. Tədbir Hacı İsmayılovun ifasında vətənpərvərlik şeiri ilə başa çatmışdır.

Tədbirdən sonra iştirakçılar hərbçilərlə birgə nahar etmişlər.