TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

HAMLET QURBANOV – 80

 

Fotoşəkillər

 

3 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublikanın Əməkdar artisti Hamlet Qurbanovun 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Abbas Mirzə Şərifzadə adına Aktyor evində keçirilən tədbirdə görkəmli sənət adamları, ziyalılar, media nümayənədələri və sənətkarın doğmaları iştirak etmişlər.

Tədbirə toplaşanlar Teatr Xadimləri İttifaqı tərəfindən Hamlet Qurbanovun və Gülxar Həsənovanın yaradıcılıq yoluna həsr olunmuş fotosərgi ilə tanış olmuşlar.

Aparıcı, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov qonaqları salamlamış, Hamlet Qurbanovun ömür yoluna qısa ekskurs edib, sözü çıxış edənlərə vermişdir.

Tədbirdə çıxış edənlər – Xalq artistləri, İlham Namiq Kamal, Ağakişi Kazımov, Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə və başqaları sənətkarın yaradıcılıq yolundan söhbət açmış, onunla bağlı xatirələrini iştirakçılarla bölşmüşlər.

Çıxışlar arası Hamlet Qurbanovun və Gülxar Həsənovanın ifa etdikləri obrazlardan videogörüntülər nümayiş olunmuşdur.

Sonda söz Hamlet Qurbanovun qohumu Mayil müəllimə verilmişdir. Mayil müəllim tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

HAMLET QURBANOV

Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə ]görkəmli teatr və kino aktyoru Ağadadaş Qurbanov və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olmuşdur.

Hamlet Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu, rejissor Mehdi Məmmədov kursunu bitirmişdir.

O,1957-1992-ci illərdə Azərbaycan Akademik Dram Teatrında yaddaqalan obrazlar yaratmışdır.

Onun Doktor ("Şöhrət və ya unudulan adam"), Səlim bəy ("Qaçaq Nəbi"), Şəkərlinski ("Kəndçi qızı"), Doktor Lalbyuz ("Dəli yığıncağı"), Udriya ("Adsız ulduz"), Şamxal ("Şəhərin yay günləri"), Əliqulu ("Əliqulu evlənir"), Karenin ("Canlı meyit"), Hacib ("Xəyyam"), Ferdinand ("Fırtına"), Əsgər, İbrahim xan ("Vaqif"), Ağahüseyn ("Büllur sarayda"), Şükür bəy ("Kimdir haqlı"), Müəllim ("Nazirin xanımı"), Cəmil ("Unuda bilmirəm") və s. obrazlar aktyora ümumxalq məhəbbəti qazandırmışdır.

Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilmişdir. Aktyorun «Atayevlər ailəsi», «Aygün», «Babamızın babasının babası», «Bağ mövsümü», «Cazibə qüvvəsi», «Cin mikrorayonda», «Dədə Qorqud», «Evləri köndələn yar», Günahsız Abdulla (film, 1984), «Qapalı orbit», «Nakəs» və sair ekran əsərlərində yaratdığı dolğun obrazlar bütün zamanlarda sevilərək baxılan sənət nümunələridir.

Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.