TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

HÖKÜMƏ QURBANOVA – 100

Azərbaycan Teatr Xadimləri İttifaqı 2014-cü il aprel ayının 28-də saat 14.00-də SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinə həsr olunmuş «Ömrün səhifələri» kitabının təqdimat mərasimini keçirmişdir.

Kitabın müəllifi teatrşünas Çingiz Ələsgərlidir. Xalq artisti, professor Azər Paşa Nemətov kitaba ön söz yazmışdır.

Tədbirdə tanınmış teatr xadimləri böyük aktrisa haqqında xatirələrini danışacaq, aktrisanın yaradıcılığını özündə əks etdirən slayd-şou nümayiş etdirilmişdir. Təqdimat mərasiminin aparıcısı sənətşünaslıq doktoru, professor, əməkdar incəsənəti xadimi Məryəm Əlizadə Hökümə xanımın zəngin yaradıcılıq yolundan söhbət açmışdır.

 

 

Hökümə Qurbanova Azərbaycan teatr tarixinə şərəfli səhifələr yazmış ölməz sənətkarlardandır. XX əsrdə milli teatr sənətinə 50 ilə yaxın bir müddətdə sədaqətlə xidmət etmiş aktrisa neçə nəsil Azərbaycan tamaşaçısının pərəstiş etdiyi nadir fitri istedad sahiblərindəndir.

Hökümə Abbasəli qızı Qurbanova 2013-cü il iyun ayının 11-də Bakı şəhərində anadan olub. Böyük Azərbaycan bəstəkarı Müslüm Maqomayevin bacısı qızıdır.

1939-cu ildə teatra gələn aktrisa taleyini əbədi olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına bağlamışdır. Bu teatrın səhnəsində böyük ilham, güclü səhnə plastikası, coşğun temperamentlə yaratdığı Şirin, Reyhan, Könül, Xumar, Sona, Süsən, Hermiona, Oliviya, Vasantasena, Mariya Tüdor, Janna D'Ark, Kleopatra, Bənövşə, Sevinc, Südabə, Tolqonay, Ledi Maqbet, Xanuma, Məhmənə banu kimi lirik, romantik, faciəvi obrazlar ona böyük şöhrət gətirmişdir.

Hökümə xanım həmçinin «Azərbaycanfilm» kinostudiyasının çəkdiyi «Onu bağışlamaq olarmı?», «İnsan məskən salır», «Mən rəqs edəcəyəm» və sair filmlərdə də yaddaqalan obrazlar yaratmışdır.

Teatr sənəti sahəsində xidmətlərinə görə 1965-ci ildə Hökümə Qurbanovaya «SSRİ xalq artisti» fəxri adı verilmişdir. Keçmiş Sovetlər birliyinin «Lenin», «Qırmızı əmək bayrağı», «Şərəf nişanı» ordenləri və çox sayda medallarla təltif olunmuşdur.

1965-ci ildə ustad rejissor Tofiq Kazımovun quruluş verdiyi «Antoni və Kleopatra» tamaşasında yaratdığı Kleopatra obrazına görə Azərbaycan Respublikasının «Dövlət mükafatı»na layiq görülmüşdür.

Hökümə Qurbanova fəal icğtimai xadim olmuş, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Haqqında iki monoqrafiya, iki buklet və çox sayda məqalələr dərc olunmuşdur.

1988-ci ildə vəfat edən aktrisa Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.