TƏDBİR VƏ LAYIHƏLƏR / Görüşlər

 

Solmaz Musayeva -85

Azərbaycan Teatr Xadimləri İttifaqı 2013-cü il aprel ayının 12-də əməkdar rəssam Solmaz xanım Musayeva ilə görüş keçirib.

Solmaz xanım Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı, pedaqoq Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açmışdır. 1947-52-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır.

Leninqraddakı Muxina adına Ali Bədii Tətbiqi Rəssamlıq İnstitutunda ali təhsil almağa davam etmiş, lakin ailə vəziyyəti ilə əlaqədar təhsilini başa vura bilməmişdir.

Həyatının böyük bir dövrünü A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayan rəssam 1965-81-ci illərdə həmin teatrda quruluşçu rəssam, 1981-87-ci illərdə baş rəssam kimi çalışmış, teatrın Azərbaycan və rus bölmələrində 60-a yaxın tamaşaya səhnə tərtibatı vermişdir. Bunlardan A.Qaydarın «Malçiş-Kibalçiş», S.Marşakın «Bu ev kimin evidir?», Ü.Hacıbəyovun «Məşədi İbad», Ə.Abbasovun «Şəngülüm, Şüngülüm, Məngülüm», X.Əlibəylinin «Cunquş», Anarın «Qaravəlli», T. Mütəllibovun «Meşə nağılı», F.Sadığın «Yumaq top», V.Rabadanın «Şən ayılar», H.X.Andersenin «Olye Lukoye və yaxud Sehrli çətirlər», M.Atəşin «Cırtdan», M.Seyidzadənin «Sehrli nar» və s. tamaşaları qeyd etmək olar.

Teatrda çalışdığı illərdə S.Musayeva Sovetlər İttifaqında və xarici ölkələrdə keçirilən kukla teatrları festivallarında iştirak edib və həmin festivalların laureatı olub.

1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğuldur. Solmaz xanımın yaratdığı 4000-dən artıq milli etnoqrafik kuklalar muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Teatr yaradıcılığı ilə yanaşı S.Musayeva təsviri sənətin digər sahələrində də uğurla çalışmışdır. 6 multiplikasiya filminə quruluş vermiş, onlardan «İlham» multiplikasiya filmi Daşkənddə keçirilən festivalda I dərəcəli diploma, «Göyçək Fatma» multfilmi isə Gürcüstan Rəssamlar İttifaqının mükafatına layiq görülüb. Xalası oğlu Həsən Seyidbəylinin çəkdiyi «Sadiq dost» multiplikasiya filminin də quruluşçu rəssamı olub.

Keçmiş Sovetlər Birliyində və ölkəmizdə keçirilən sərgilərdə fəal iştirak edib.

Kitab qrafikası ilə də məşğul olan rəssam Azərbaycanda nəşr olunmuş bir sıra uşaq kitablarına bədii tərtibat verib.

Rəssamın 25 kukladan ibarət zəngin koloritli «Azərbaycan qadın toyu» kompozisiyası Rəssamlar İttifaqında nümayiş etdirilən zaman sərgidə iştirak edən ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymət alıb. Həmin əsər Avstraliyada keçirilən spartakiada zamanı da ekspozisiya olunub. Rəssamın yaratdığı kuklalar Pakistanda keçirilən Şərq ölkələrinin tətbiqi sənət üzrə festivalında I mükafat qazanmışdır.

Solmaz xanımın yaratdığı müxtəlif milli, etnoqrafik, suvenir kuklalar bütün dünyaya səpələnmiş və rəssama böyük şöhrət gətirmişdir.