TƏDBİR VƏ LAYIHƏLƏR / Görüşlər

 

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə ustası Tamilla Bünyatova ilə Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilmiş görüş

3 mart 2010-cu il

Tamilla Bünyatova 1950-ci il fevral ayının 8-də Bakı şəhərində doğulub. Orta təhsilini 190 saylı məktəbdə alıb. Uşaq yaşlarından incəsənətə, xüsusilə də teatra böyük maraq göstərib. 1973-78-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və Kino aktyorluğu fakültəsində təhsil alıb. 1976-cı ildən Kukla Teatrında aktrisa kimi çalışır. Teatrda debütü «Cırtdan» tamaşasında Arıq rolu ilə olub. Teatrda çalışdığı illərdə «Cunquş»da Aytən, «Parisi dağıdanlar»da Şəhrəbanu, «Qızıl xoruz»da Qız bürcü və Nağılçı, «Tıq-tıq xanım»da Tıq-tıq xanım, «Od oğlan»da Div xala, «Uşağı necə əyləndirməli» tamaşasında Qurbağa, «Ac qulağım – dinc qulağım»da Tülkü, «Dədə Qorqud»da Şir, «Madarın dastanı»nda Şah qadın, «Pəri Cadu»da Hafizə xanım kimi maraqlı obrazlar yaratmışdır.

Hafizə obrazına görə 1988-ci ildə «Ən yaxşı qadın rolu» nominasiyası üzrə mükafat alıb. 1995-ci ildən teatrın aparıcı səhnə ustasıdır. Bir çox Beynəlxalq festivalların iştirakçısıdır. Xarici ölkələrdə qastrol səfərlərində uğurla çıxış etmişdir. Teatrda tamaşaya qoyulan istər xarici, istər klassik əsərlərdə, həmçinin milli nağıl və dastanlarımızın qəhrəmanlarını özünəməxsus tərzdə ifa edən T.Bünyatova kiçik yaşlı tamaşaçıların məhəbbətini qazanmışdır. 35 il doğma teatra sədaqətlə xidmət edən aktrisa bundan sonra da yeni obrazlar yaratmaq əzmindədir.