TƏDBİR VƏ LAYIHƏLƏR / Görüşlər

 

SSRİ xalq artisti Firəngiz Əhmədova ilə görüş

6 oktyabr 2008-ci il tarixində Aqzərbaycan Teatr Xadimləri İttifaqında görkəmli aktrisa, SSRİ xalq artisti Firəngiz Firəngiz Əhmədova ilə görüş küçirilmişdir. Firəngiz Yusif qızı Əhmədova 1928-ci il sentyabr ayının 23-də Bakı şəhərində neftçi ailəsində dünyaya gəlib. 1946-51-ci illərdə Azərbaycan radiosunun xorunda solist işləyib. 1955-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyanın 2-ci kursunda oxuyarkən M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət alan gənc Firəngiz Əhmədova 1951-52-ci teatr mövsümünün açılışında M.Maqomayevin «Nərgiz» operasında Nərgizin partiyasını ifa edib. Bu uğurlu debütdən sonra öz taleyini Opera və Balet Teatrına bağlayan gənc aktrisa teatrın şərəfli sənətkarlar nəslinin nümayəndələri – Bülbül, Hüseynağa Hacıbababəyov, Məmməd Tağı Bağırov, Qənbər Zülalov, Ağababa Bünyadzadə, İdris Ağalarov, Lütfiyar İmanov, Əlövsət Sadıxov, Xanlar Haqverdiyev, Gülxar Həsənova, Rəhilə Cabbarova, Kazım Məmmədov, Mariya Titarenko, Rauf Atakişiyev, Firudin Mehdiyev və s. sənətkarlarla çiyin-çiyinə çalışmış, onların böyük sənətindən bəhrələnmişdir. Güclü, məlahətli, lirik-dramatik soprano səsə malik olan aktrisa Ü.Hacıbəyovun «Koroğlu» operasında Nigar, «Arşın mal alan»da Gülçöhrə, M.Maqomayevin «Şah İsmayıl» operasında Gülzar, «Nərgiz»də Nərgiz, F.Əmirovun «Sevil» operasında Sevil, C.Cahangirovun «Azad» operasında Səriyyə, S.Ələsgərovun «Bahadır və Sona» əsərində Sona, R.Mustafayevin «Vaqif» operasında Xuraman, J.Bizenin «Karmen» operasında Mikaela, C.Verdinin «Aida» operasında Aida, C.Puççininin «Toska» operasında Toska, Z.Paliaşvilinin «Daisi» operasında Maro və s. müxtəlif xarakterli güclü səhnə obrazları yaratmışdır. «Koroğlu» və «Sevil» operalarında yaratdığı Nigar və Sevil obrazları aktrisaya böyük uğur və şöhrət gətirmişdir.

Teatr səhnəsində işləməklə yanaşı F.Əhmədova kamera və simfonik konsertlərdə, Azərbaycan televiziyası və radiosunda tez-tez çıxış edib. Öz konsert repertuarında kamera-vokal əsərlərinə geniş yer ayıran F.Əhmədova Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyovun «Sənsiz», Asəf Zeynallının «Ölkəm», «Sual», Niyazinin «Arzu», Əşrəf Abbasovun «Heyran olmuşam», Ağabacı Rzayevanın «Oxuma, gözəl», həmçinin klassik rus bəstəkarları P.Çaykovski, S.Raxmaninov və başqalarının romanslarını böyük ustalıqla ifa etmişdir.

F.Əhmədova keçmiş SSRİ-nin Moskva, Kiyev, Tbilisi, Yerevan və b. şəhərlərində, Orta Asiyada, Dağıstanda, həmçinin Bolqarıstan, Rumıniya, Çexoslovakiya və digər xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.

Musiqi sənəti sahəsində xidmətlərinə görə müğənni 1967-ci ildə SSRİ xalq artisti kimi yüksək fəxri ada layiq görülmüş, «Lenin Ordeni» ilə təltif olunmuşdur.