TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

İlyas Əfəndiyev – 105

 

Fotoşəkillər

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 26 may 2019-cu il tarixdə Xalq yazıçısı İlyas Əfəndiyevin xatirə gecəsi keçirilib. Gecədə Xalq artisti Azər Paşa Nemətovun quruluşunda yazıçının «Boy çiçəyi» yaxud «Sən həmişə mənimləsən» əsərinin tamaşası göstərilib.

Akademik Milli Dram Teatrında keçirilən gecədə teatrın bədii rəhbəri və direktoru Azər Paşa Nemətov çıxış edərək İlyas Əfəndiyevin parlaq yaradıcılıq yolundan, Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli sənət incilərindən söz açıb. O, bildirib ki, 105 il bundan öncə Füzuli rayonunda doğulan İlyas Əəfndiyev ədəbiyyata 1939-cu ildə nəşr olunmuş “Kənddən məktublar” kitabı ilə gəlib. Yazıçının 22 dram əsəri Bakıda və region teatrlarında tamaşaya qoyulub. Onun ömrünün sonlarında qələmə aldığı “Qarabağnamə” əsəri 23 ildir ki, Milli Dram Teatrın səhnəsindədir. A.Nemətov İlyas Əfəndiyev əvvəlcə “Boy çiçəyi” adlandırdığı pyesə sonradan “Sən həmişə mənimləsən” adı verdiyini qeyd edib. Boy çiçəyi ilə bağlı İlyas Əfəndiyevin böyük fəlsəfəsi oluğunu vurğulayan rejissor bu gülün quruyanda belə ətrini itirmədiyini bildirib.

Azər Paşa Nemətov, həmçinin vurğulayıb ki, İ.Əfəndiyev dramaturgiyamızda lirik-psixoloji üslubun yaradıcılarından biridir. O, ədəbiyyatımıza yeni obrazlar, xüsusən qadın obrazlarını gətirib, “İlyas Əfəndiyev teatrı”nın əsasını qoyub.

İlyas Əfəndiyev 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazıb və bununla da onun Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığı başlayıb. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıdıb.

“İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də yazıb, konfrans və qurultaylarda məruzələrlə çıxış edib. O, ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradıb ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyindən və yaradıcılıq intellektindən xəbər verir”, - deyə Azər Paşa Nemətov vurğulayıb.

Sonra tamaşaçılara «Boy çiçəyi» tamaşası təqdim olunub. Tamaşa ata qayğısından məhrum olan Nargilənin özündən yaşca çox böyük zavod direktoru Həsənzadəyə məhəbbətindən bəhs edir.

Səhnə əsərində rolları Xalq artisti Ramiz Novruz, Sabir Məmmədov, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, aktyorlar Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva canlandırıblar.

Maraqlı səhnə tərtibatı, ecazkar musiqi tamaşaya xüsusi gözəllik verir. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.