TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

 

29 may 2016-cı il tarixdə görkəmli rəssam və istedadlı aktyor Elçin Məmmədovun 70 illiyi münasibətilə sənətkarın məzarı ziyarət edilmişdir.

 

29 may 2016-cı il tarixdə görkəmli rəssam və istedadlı aktyor Elçin Məmmədovun 70 illiyi münasibətilə sənətkarın məzarı ziyarət edilmişdir.

Azərbaycan Teatr Xadimləri İttifaqının əməkdaşları, görkəmli sənət adamları və ailə üzvlərinin iştirakı ilə keçrilən mərasimdə Elçin Məmmədovun xatirəsi yad edilmiş, onun sənəti və şəxsiyyəti haqqında söhbət açılmş, sənət dostları – xalq artisti Azər Paşa Nemətovun, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun, sənətkarın bacısı Solmaz Həmzəyevanın və digərlərinin xatirələri dinlənilmişdir.

 

ELÇİN MƏMMƏDOV

Elçin Mehdi oğlu Məmmədov 29 may 1946-cı ildə anadan olub. Çox erkən yaşlarından sənətlə bağlılığı hiss olunan Elçin gözəl şəkillər çəkir, ara-sıra aktyorluğa da meyl edib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Rəssamlıq» fakültəsində təhsil alıb.

Azərbaycanın iki sənət nəhənginin – xalq artistləri Mehdi Məmmədov və Barat Şəkinkayanın ailəsində dünyaya göz açan Elçin fitri istedadı ilə hər zaman diqqəti cəlb etməyi bacarıb. Onun professional səhnədə ilk işi uşaqlıq dostu, rejissor Azər Paşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasında rəssam işi olub. Sonralar atası Mehdi Məmmədovla birlikdə çalışıb. Bakıda, Moskvada, Arxangelskdə, Serebrovskidə yüzdən artıq tamaşada rəssamlıq edib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında «Xırs quldurbasan» (M.F.Axundov), «Dəli yığıncağı» (C.Məmmədquluzadə), «İblis» (H.Cavid), «Meşşanlar» (M.Qorki), «İnsan» (S.Vurğun), «Hamlet» (V.Şekspir); Azərbaycan Dövlət Musiqili Teatrında «Danabaş kəndinin əhvalatları» (O.Kazımov və C.Səlimova), «Tülkü Həccə gedir» (R.Şəfəq və A.Şaiq), «Səhranın bəyaz günəşi» (L.Vanşteyn və R.İbrahimbəyov), «Gözün aydın» (F.Əmirov və M.Əlizadə), «Yarasa» (Ştraus); Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Danabaş kəndinin məktəbi» (C.Məmmədquluzadə), «Şamdan bəy» (N.Nərimanov), «Keçən ilin son gecəsi» (Anar), «Salam, Hotsi» (R.Vaqner); Azərbaycan Dövlət Rus Dram Teatrında «Həyatın dibində» (M.Qorki), «Mənim məhəbbətim Elektra» (R.Durko), «Qar kraliçası» (H.Andersen), «Şeyx Sənan» (H.Cavid), «Amansız oyunlar» (M.Şatrov); «Buta» Marionet Teatrında «Arşın mal alan» (Ü.Hacıbəyov) və sair tamaşaların rəssamı olub.

Onun yaradıcılıq fəaliyyəti təkcə Azərbaycanın paytaxt teatrlarını deyil, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrlarını da əhatə edib, rəssam adları çəkilən sənət ocaqlarında çoxlu sayda əsərlərə maraqlı səhnə tərtibatı verib.

Elçin Məmmədov dəfələrlə Beynəlxalq Teatr Rəssamları sərgilərində iştirak etmiş, xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuşdur. Əsərləri Bakının və Moskvanın Dövlət muzeylərində saxlanılır. Ölkəmizin nəşriyyatlarında çap olunmuş yüzə yaxın kitaba tərtibat verən sənətkar «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Azərbaycan nağılları», «Xəyyam» kimi dəyərli xəzinələrin rəssamı olub.

Rəssamlıqla yanaşı, aktyorluğa da meyl edən Elçin Məmmədov müxtəlif illərdə çəkilmiş bir sıra kinofilmlərdə dolğun obrazlar yaradıb. Onun «Yeddi oğul istərəm» filmindəki Mirpaşa, «Dədə Qorqud»dakı Qaraca Çoban obrazları milyonlarla tamaşaçının sevə-sevə seyr etdiyi və yüksək qiymətləndirdiyi obrazlardır.

Bundan əlavə «Xəzinə», «Ağır şkaf», «Toya dəvətnamə», «Çətirimiz buludlardır», «Dantenin yubileyi», «Qəribə adam», Yarımçıq qalmış mahnı», «Bağlı qapı», «Bir dəfə», «Ovsunçu» filmlərində çəkilən Elçin Məmmədov fitri istedadı və mahir sənətkar bacarığı ilə mükəmməl obrazlar yaradıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olan Elçin Məmədov "İblis" tamaşasına verdiyi tərtibata görə 1984-cü ildə Azərbaycan Dövlət Mükafatı alıb. 1991-ci ildə «Əməkdar İncəsənət Xadimi» fəxri adı ilə təltif olunub. 1999 və 2001-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının «Qızıl Dərviş» mükafatına layiq görülüb.

Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azər Paşa Nemətovun «Hamlet» tamaşası olub. Lakin qəfil ölüm onun işini yarımçıq qoyub. 2001-ci il fevralın 18-də Elçin Məmmədov dünyasını dəyişib.