TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

Azərbaycan Teatr Xadimləri İttifaqında 21 dekabr 2015-ci il tarixdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun 150 illiyinə həsr olunmuş «Teatr sənətinin Cahangiri tədqiqat müstəvisində» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Fotoşəkillər  Video

Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə təşkil olunan konfransda görkəmli ziyalılar, mətbuat nümayəndələri, sənətkarın ailə üzvləri iştirak etmişlər.

Giriş sözü ilə tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov açaraq Cahangir Zeynalov sənətinin işığına toplaşan konfrans iştirakçılarını salamlamış, sənətkarın həyat və yaradıcılığının ən vacib məqamlarına qısa olaraq toxunmuş və sözü tədbirin aparıcısı, əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadəyə vermişdir. Məryəm Əlizadə Cahangir Zeynalovun həyat və yaradıcılığı haqqında məlumat verərək, “Azərbaycan teatr mədəniyyətində Cahangir Zeynalovun yeri” mövzusunda geniş danışmış və sözü digər alimlərə ötürmüşdür.

Konfransda çıxış edənlər - sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli “Azərbaycan teatr tarixi və Cahangir Zeynalov”, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov “Cahangir Zeynalov: şəxsiyyət və zaman”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə “Kəblə Cahangirin teatrı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıxov, “Cahangir Zeynalov dövrün mətbuatında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov “Azərbaycan teatrının Cahangiri” mövzusunda çıxışlar etmiş, Cahangir Zeynalovun zəngin yaradıcılıq yolu haqqında ətraflı danışmışlar. Sənətkarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzov görkəmli aktyorun həyatından söhbət açmış, indiyədək gizli qalan məqamlara toxunmuşdur.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə deyilənlərin yekunu olaraq Cahangir Zeynalov yaradıcılığının gələcəkdə ətraflı tədqiq olunacağını qeyd etmiş, tədbirə qatılanlara dərin minnətdarlığını bildirmişdir.