HAQQIMIZDA / AZTXİ bu gün

 


Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəlaiyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

AzTXİ dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.

Hazırda Teatr Xadimləri İttifaqına Xalq Artisti, professor Azər Paşa Nemət rəhbərlik edir. Ətrafında 800-ə yaxın üzvü birləşdirən Teatr Xadimləri İttifaqının Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt şöbələri də milli teatr prosesinə fəal təsir göstərir.

Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə gecələri, müsabiqələr, konfranslar, seminarlar, ustad dərsləri, brifinqlər, mətbuat konfransları və təqdimat mərasimləri keçirir.

Teatr Xadimləri İttifaqı kitab nəşrlərinə də xüsusi önəm verir. AzTXİ üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr olunmuş «Azərbaycan teatr dünyası», görkəmli rejissorlar, xalq artistləri Şəmsi Bədəlbəyli, Məhərrəm Haşımovun, Hökümə Qurbanovanın, Qəmər Almaszadənin 100 illiyik yubileylərinə həsr edilmiş «Ömrün səhifələri», Arif Əbdürrəhmanovun «Teatrda rəssamın rolu» kitablarını və Ukraynada və MDB məkanında tanınmış teatrşünas-alim Nelli Korniyenkonun bir çox xarici dillərə tərcümə olunmuş «Ukrayna teatrı üçüncü minilliyin astanasında. Axtarış» adlı monoqrafiyasını çap etdirmiş, beynəlxalq təşkilatlara, o cümlədən ölkə kitabxanalarına təqdim etmişdir.

Teatr Xadimləri İttifaqı hər zaman yeni yaradıcılıq başlanğıclarına təkan verərək, gənc istedadların öz yaradıcılıq potensialını nümayiş etdirməsinə imkan yaradır. İttifaqın keçirdiyi I «Him-Cim» Pantomim festivalında sənət meydanına atılmış «Dəli yığıncağı» teatr studiyasının əsasında Dövlət «Pantomim» teatrı yaranmış, «Yuğ», «Gənclər» teatrlarında çalışan gənc sənətçilər İttifaqın keçirdiyi festivallarda xüsusi fəalllıq göstərmişlər.

İttifaqın nəzdində fəaliyyət göstərən Yaradıcı Gənclər Laboratoriyası və «Zəfər» teatr studiyasında gənc sənətçilərin iştirakı ilə V.Şekspirin «12-ci gecə», «Afinalı Timon», Q.Səidin «Əli və Nino» əsərlərinə səhnə həyatı verilmişdir.

Yaradıcı Gənclər Laboratoriyası M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar «Axundzadə dərsləri» keçirərək, nəsrlə məşğul olan gəncləri ətrafına toplamış və onları dramaturgiya sahəsinə cəlb etməyə çalışmışdır. Həmin dərslərdə tanınmış dramaturqlar gənclərə «ustad dərsləri» keçir, onlara bu çətin sənətin sirlərini öyrədirlər. Bunun nəticəsi olaraq artıq 4 gənc dramaturqun, 3 teatrşünasın, 2 rejissorun əsərləri Beynəlxalq Teatr Xadimləri Konfederasiyasının keçirdiyi «MDB, Gürcüstan və Baltikyanı ölkələrin gənc teatr xadimlərinin işlərinə baxış» müsabiqəsinə göndərilib. Bu əsərlərin beynəlxalq teatr məkanına çıxışı gözlənilir.

2013-cü ilin mart ayından etibarən İttifaqda xalq artisti, professor Cənnət xanım Səlimovanın rəhbərliyi ilə gənc rejissorların laboratoriyası fəaliyyət göstərir. Hər həftə keçirilən məşğələlərdə Cənnət xanımın ustad dərsləri ilə yanaşı praktik məşğələlər də keçirilir.

Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda və bunun üçün bütün imkanlardan istifadə etməkdə görən Azərbaycan Teatr Xadimləri İttifaqı bu məqsədlə gələcəkdə də özünün proqram xarakterli layihələrini həyata keçirmək niyyətindədir.