TƏDBİR VƏ LAYIHƏLƏR / Beynəlxalq əlaqələr

 

MDB və Baltik ölkələrinin Gənclər teatrlarının «Bumbarambiya – 6» Beynəlxalq Festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iştirakına həsr olunmuş Mətbuat Konfransı

Rusiyanın Penza vilayətinin Kuznetsk şəhərində keçirilən Gənclər teatrlarının «Bumbarambiya» Beynəlxalq Festivalı 10 ildən artıqdır ki, gəncləri öz ətrafına toplayaraq sənət bayramı keçirir. Bu ilin mart ayının 21-dən 27-dək keçirilən festivalda MDB və Baltik ölkələrininin Gənclər teatrları iştirak etmişlər. Festivalda Rusiya, Baltik ölkələri, Belorusiya, Özbəkistan teatrları ilə yanaşı Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının rus bölməsi Xalq yazıçısı İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər» tamaşası ilə iştirak etmişdir. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Vaqif Əsədovdur. Teatr festivalda uğurla çıxış etmiş, həm tamaşaçıların rəğbətini qazanmış, həm də «Məhv olmuş gündəliklər» tamaşası teatr mütəxəssisləri tərəfindən yüksək qiymət almışdır. Festivalın Təşkilat Komitəsi Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğluna və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətə məktub göndərərək kollektivin festivalda iştirak etməsinə şərait yaratdıqlarına görə öz minnətdarlığını bildirmişdir. Məktubda həmçinin tamaşanın rejissoru Vaqif Əsədovun və festivalda iştirak edən yaradıcı qrupun rəhbəri, Teatr Xadimləri İttifaqının sədr müavini, əməkdar artist Rafiq Əliyevin işi xüsusi qeyd olunmuşdur.