TƏDBİR VƏ LAYIHƏLƏR / Beynəlxalq əlaqələr

 

«Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının icrası, Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası, milli teatr sənətinin inkişafının, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənclərin dəstəklənməsi, kadr hazırlığı, əlavə təhsil sisteminin təkmilləşdirilməsi və istedadlı gənclərin xarici dövlətlərdə məqsədli təhsilinə şərait yaradılması üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni layihənin icrasına başlanılacaqdır.

Rusiyanın dünyaca məşhur Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı nəzdində Boris Şukin adına Teatr İnstitutunda Azərbaycan Respublikası üçün məxsusi hədəf kurslarına tələbə qəbulu keçiriləcəkdir. Bu barədə tərəflər arasında müqavilə artıq imzalanmışdır.

Kursun rəhbəri Rusiyanın Əməkdar İncəsənət Xadimi, psixologiya elmləri namizədi, professor Mixail Borisoviç Borisovdur.

Qəbul əsasən iki ixtisas istiqaməti üzrə müəyyənləşdirilmişdir: Dram teatrı və kino artisti – qəbul sayı 15 nəfər (təhsil müddəti - 4 il); Teatr rejissorluğu – qəbul sayı 5 nəfər (təhsil müddəti - 5 il). İnstituta qəbul 2016-cı ilin iyul ayında Moskvadan dəvət olunmuş peşəkar şəxslərdən ibarət xüsusi imtahan komissiyası tərəfindən həyata keçiriləcəkdir.

Qəbul olunan şəxslərin illik təhsil haqqı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcəkdir.

Qəbulla bağlı ətraflı məlumat üçün Azərbaycan Teatr Xadimləri İttifaqına müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi, 16.

Telefon: +994 12 493 17 03; +994 12 493 53 05; +994 12 598 07 95.