TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

«Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində (1920-2016-cı illər)» mövzulu elmi praktik konfrans.

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 10 mart 2016-cı il tarixdə Milli Teatr Günü münasibəti ilə «Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində (1920-2016-cı illər)» mövzulu elmi praktik konfrans keçirmişlər.

Konfransda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar iştirak etmişlər. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov konfrans nümayəndələrini Milli Teatr Günü münasibəti ilə təbrik etmiş və «Milli teatr prosesində Azərbaycan Teatr Xadimləri İttifaqının tarixi rolu» barədə məruzə etmişdir. Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq elmləri doktoru, Professor Ədalət Vəliyev Azərbaycan teatrının keçdiyi yola qısa nəzər salmış, «Azərbaycan teatrı tarixi prosesə mənəvi-əxlaqi, bədii-estetik və kulturoloji reaksiya kimi» mövzusunda çıxış etmişdir.

Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq elmləri doktoru, Professor Məryəm Əlizadə «Beynəlxalq konfrans və festivalların milli teatr prosesinə təsiri», Sənətşünaslıq elmləri doktoru, Professor İlham Rəhimli «Milli teatr tarixinin tədqiqat mərhələləri», Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Professor Aydın Talıbzadə «Dünya və Azərbaycan teatrı: problemlərin düyünləndiyi nöqtə» barədə çıxışlar etmişlər.