TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

29 oktyabr 2019-cu il. Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibəti ilə təntənəli tədbir

Fotoşəkillər

29 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirildi. Tədbirdə dövlət, hökumət və ictimaiyyət nümayəndələri, Azərbaycanın, Rusiyanın və Gürcüstanın mədəniyyət xadimləri, ziyalılar və media işçiləri iştirak etdilər.

Foyedə iştirakçılara teatrın 100 illiyinə həsr edilmiş fotosərgi və görkəmli aktyorlarımızın tarixi rolları ifa edərkən istifadə etdikləri geyimlər təqdim olundu.

Giriş sözü ilə tədbiri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov açaraq teatrın tarixinə nəzər salıb, görülən işlərdən və əldə olunan uğurlardan danışdı. Akademik Milli Dram Teatrının 100 illiyinin keçirilməsinin qürurverici hal olduğunu vurğulayan Azər Paşa Nemətov bildirdi ki, 1919-cu ildə kiçik dəstələrdən ibarət teatr truppaları birləşdirilərək ilk dövlət teatrı yaradıldı. Teatrın yarandığı gündən çox böyük və keşməkeşli yol keçdiyini söyləyən Azər Paşa müəllim sənət ocağının səhnəsində ilk olaraq “Azər və Baycan” adlı tamaşanın göstərildiyini qeyd etdi. O, Azərbaycan tarixində yaşananların teatrdan da yan keçmədiyini söyləyərək 1937-ci ilin qanlı repressiyalarına məruz qalanların sırasında bu sənət ocağının da aktyorlarının olduğunu vurğuladı. O, İkinci Dünya müharibəsi zamanı teatrın aktyorlarının şücaətindən danışdı.

Teatrın bugünkü uğurlarında görkəmli sənət adamlarının böyük zəhmətinin olduğunu bildirən A.Nemətov qeyd etdi ki: “1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra teatra çox böyük dəstək göstərib. O, hər dəfə bizim premyeralara gələr, tamaşalardan sonra səhnə arxasında aktyorlarla görüşər, hamısı ilə bir-bir maraqlanardı. Onun qayğısı nəticəsində aktyorlarımız mükafat və fəxri adlarla təltif edilib, evlə təmin olunublar. Biz sevinirik ki, bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı heç zaman teatra biganə yanaşmayıb. Çox sevinirəm ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu, bir daha göstərir ki, dövlətimizin başçısı teatrı unutmur, teatrı yaşadır”.

Gecədə “Ulu öndər Heydər Əliyev və teatr” və “Prezident İlham Əliyev və teatr” mövzularında videoçarxlar nümayiş etdirildi.

Teatrın kollektivini təbrik edən Mədəniyyət Naziri Əbülfəs Qarayev Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yol keçdiyini, ötən 147 ildə cəmiyyətin mənəviyyatının mənbəyi rolunu oynadığını bildirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Akademik Milli Dram Teatrının 1919-cu il oktyabrın 24-də dövlət statusu aldığını vurğulayan Nazir qeyd etdi ki, bu tarixlə Azərbaycan teatrının yeni dövrü başlayıb. Müstəqil Azərbaycanın bu tarixi yaşatması və və gələcəyə doğru aparması çox gözəldir.

Ə.Qarayev bildirdi ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının dünya standartlarına uyğun zənginləşdirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının bu il yekunlaşdığını diqqətə çatdıran Nazir teatr xadimləri ilə birgə növbəti illərin proqramını hazırladıqlarını bildirdi.

Nazir Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti nəticəsində teatrlarımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğuladı.

Sonra o, Azərbaycan Respublikası Prezidentinin Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə teatr əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlarını oxudu.

Gecədə teatrın sənət yolu haqqında videoçarxlar nümayiş olundu, Bolqarıstan Milli Teatrının direktoru Marius Donkinin, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyaginin, Aleksandrinski Teatrının bədii rəhbəri Valeri Fokinin, Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvintin, Sankt-Peterburq Malıy Dram Teatrının bədii rəhbəri və direktoru Lev Dodinin təbrikləri səsləndirildi.

Tədbirdə çıxış edən Gürcüstan Teatr Xadimləri Cəmiyyətinin sədri Georgi Qeqeçkori və Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze, Beynəlxalq Çexov Teatr Festivalının baş direktoru, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının sədri Valeri Şadvin, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının bədii rəhbəri, SSRİ Xalq artisti Robert Sturua və başqaları çıxışlarında teatrın kollektivini təbrik etdilər.

Habelə yubileydə iştirak edən Badri Maisuradze (Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini), İrina Troitskaya (Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının məsul katibi), Georgi Tevzadze (Ş.Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının direktoru) və Leyla Əliyeva (M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru) da tədbirdən xoş təəssüratla ayrıldılar.

Mərasimdə, eyni zamanda, teatrın 100 illik yubileyinə həsr olunan “Akademik Milli Dram Teatrı – 100” kitab-albomu təqdim edildi. Gecə musiqili proqramla davam etdi. Tədbir aktyorların ifasında Akademik Milli Dram Teatrının himni ilə yekunlaşdı.