TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

Görkəmli balet ustası, SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illiyinə həsr olunmuş
«ÖMRÜN SƏHİFƏLƏRİ» kitabının TƏQDİMAT MƏRASİMİ

Fotoşəkillər  Video

Azərbaycan Teatr Xadimləri İttifaqı 30 aprel 2015-ci il tarixdə Azərbaycanın ilk qadın balerinası, milli balet məktəbinin yaradıcılarından biri, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacııağa qızı Almaszadənin anadan olmasının 100 illiyinə həsr olunmuş «Ömür səhifələri» kitabının təqdimat mərasimini keçirmişdir.

Kitabda görkəmli sənətkarın yaradıcılıq yolunun ən vacib məqamlarına qısa nəzər salınmış, həmçinin həyat və yaradıcılığının  fotolarda  əbədiləşən anları və müxtəlif illərdə onun sənət uğurlarına həsr olunmuş yazılar oxuculara təqdim olunmuşdur.

Giriş sözü ilə tədbiri açan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov görkəmli sənətkar haqqında xatirələrini danışdı və sözü tədbirin aparıcısı – xalq artisti Hacı İsmayılova verdi.

Hacı İsmayılov Qəmər Almaszadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verərək çıxış edənləri təqdim etdi.

Tədbirdə çıxış edənlər – SSRİ xalq artisti Fərhad Bədəlbəyli, xalq artisti Ağakişi Kazımov, kitabın redaktoru, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, əməkdar jurnalist Qalina Mikeladze, Qəmər Almaszadənin tələbələri – Rəfiqə Axundova, Yulana Əlikişizadə, Rimma Məmmədova çıxış edərək sənətkar haqqında xoş xatirələr danışdılar.

Kitabın müəllifi Aida Qafarova kitabın ərsəyə gəlməsinə əməyi olanlara və təqdimat mərasimində iştirak edənlərə minnətdarlığını bildirdi.

Tədbirin sonunda sənətkarın ailə üzvü - Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Mayra Almaszadə yubiley tarixi ilə əlaqədar Teatr Xadimləri İttifaqının «Sənətkar» medalı ilə təltif olundu.

Sonda tədbir iştirakçılarına «Ömrün səhifələri» kitabı verildi.