TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

4 fevral 2021-ci il. Xalq artisti Əliabbas Qədirovun 75 illiyinə həsr olunmuş xatirə gecəsidir

 

4 fevral 2021-ci il tarixdə Azərbaycan Dövlət Teatr Muzeyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli aktyor, Xalq artisti Əliabbas Qədirovun 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçirilən tədbirdə sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etdilər.

İştirakçılar Əliabbas Qədirovun yaradıcılığını əks etdirən və muzeyin fondunda qorunan fotolardan ibarət sərgi, eləcə də aktyorun səhnə geyimləri ilə tanış oldular.

Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova qonaqları salamladı. O, Əliabbas Qədirovun yaradıcılığından, onun səhnədə yaratdığı çoxsaylı obrazlardan söhbət açdı. Sonra sözü Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova verdi.

Hacı İsmayılov Əliabbas Qədirov haqqında xatirələrini bölüşərək aktyorun sənət yolundan, teatrda baş verən səhnəarxası məqamlardan danışdı, Əliabbas Qədirov kimi bir sənətkarla həyatdakı dost münasibətlərindən və səhnədəki tərəf-müqabilliyindən qürur hissi keçirdiyini qeyd etdi.

Əməkdar incəsənət xadimi Aydın Talıbzadə aktyorun Azərbaycan teatr və kino tarixinə bəxş etdiyi parlaq obrazlardan söz açdı.

Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə sənətkarla bağlı xatirələrini bölüşdü, onun teletamaşalardakı çəkilişlərindən, televiziya verilişlərindəki peşəkar aparıcılıq qabiliyyətindən, parodiya bacarığından maraqlı hadisələr danışdı.

Çıxışlararası unudulmaz aktyorun oynadığı teatr və televiziya tamaşalarından, çəkildiyi filmlərdən ibarət videoçarxlar nümayiş olundu.

Sonda ailə üzvləri adından sənətkarın qızı Gülçin xanım tədbirin təşkilinə görə Dövlət Teatr Muzeyinə və Teatr Xadimləri İttifaqına minnətdarlığını bildirdi.