TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

 

Xalq artisti Əliabbas Qədriovun 70 illiyinə həsr olunmuş xatirə günü

 

2016-cı il fevral ayının 17-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrı görkəmli aktyor, xalq artisti Əliabbas Qədriovun 70 illiyinə həsr olunmuş xatirə günü keçirmişlər.

Akademik Milli Dram Teatrında keçirilmiş tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Əliabbas Qədirov sənətini dəyərləndirən geniş tamaşaçı auditoriyası iştirak etmişlər.

Giriş sözü ilə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, professor Azər Paşa Nemətov Əliabbas Qədirovun yüksək sənətkarlığından söhbət açmış, onunla bağlı xatirələrini danışmışdır.

Aparıcılar – Məleykə Əsədova, Laləzar Mustafayeva, Sabir Məmmədov və Elşən Cəbrayılov sənətkarın zəngin yaradıcılıq yolundan bəhs etmişlər.

Tədbirdə Əliabbas Qədirovun həyat və yaradıcılıq yolunu əks etdirən fotosərgi nümayiş olunmuş, sənətkarın ifasında bədii qiraət nümunələri səsləndirilmiş, oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər göstərilmiş, müğənnilərdən Mətanət İsgəndərli, Aygün Bəylər və İlqar Muradovun ifasında mahnılar oxunmuşdur.

Sonda ailə üzvləri adından sənətkarın oğlu İlham Qədirov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmişdir.