TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

KAMAL XUDAVERDİYEV

2009-cu il aprel ayının 13-də Azərbaycan Teatr Xadimləri İttifaqında Respublikanın xalq artisti Kamal Xudaverdiyevin vəfatının ildönümünə həsr olunmuş Anma günü keçirilmişdir.

K.Xudaverdiyev 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsinə daxil olmuş, Azərbaycanın böyük sənətkarları Adil İsgəndərov, Mehdi Məmmədov və Rza Təhmasibdən dərs almışdır. 1965-ci ildə institutu bitirən K.Xudaverdiyev elə həmin ildən də taleyini Akademik Milli Dram Teatrına bağlamış, Azərbaycanın müqtədir sənətkarlarının çalışdığı bu sənət ocağında onların zəngin yaradıcılığından bəhrələnmiş, illər keçdikcə kamil bir sənətkar kimi püxtələşmiş, səhnəmizdə «Yalan»da Fərman, «Xoşbəxtlər»də Sadıq, «Məhv olmuş gündəliklər»də Ədalət, «Mahnı dağlarda qaldı»da Bahadur, «Qəribə oğlan»da Otar, «Sevgililərin cəhənnəmdə vüsalı»nda Səlim, «Xurşud Banu Natəvan»da Cəfərqulu xan, «Vaqif»də Eldar, «Canlı meyit»də Afremov, «Xəyyam»da Yusif, «Şeytanın şagirdi»ndə Riçard, «Hamlet»də Laert, «Maqbet»də Maqduf, «Qılınc və qələm»də Fəxrəddin, «Fəryad»da Nəsimi, «Atabəylər»də Qızıl Arslan, «Kral Lir»də Kral Lir, «Şah Edip»də Şah Edip, «Dar ağacı»nda Aqşin, «Ah, Paris, Paris»də Süpürgəçi və sair bu kimi zəngin, bitkin, teatr tariximizdə yaşayacaq obrazlar qalereyası yaratmışdır.

K.Xudaverdiyev Azərbaycan televiziyasında çəkilmiş bir sıra televiziya tamaşalarında, o cümlədən «Atayevlər ailəsi»ndə İldırım, «Alov»da Qaşqay, «Bayramın son günü»ndə Firuz, «Şöhrət və ya unudulan adam»da Doktor, «Yadigar»da Müəllim, «Yurd yeri»ndə Mahal kişi, «Azərbaycanfilm» kinostudiyasının çəkdiyi «İstintaq davam edir» filmində Çingizov, «Sonuncu müsahibə»də Həsənov, «Dağlarda döyüş»də Rüstəmov, «Nəsimi»də Yusif, «Üzü küləyə» filmində Kombinat müdiri, «Oteldə bir otaq»da Alim və başqa filmlərdə yaddaqalan obrazlar yaratmışdır.

Teatr sənəti sahəsində xidmətlərinə görə Kamal Xudaverdiyevə 1982-ci ildə «Əməkbar artist», 1991-ci ildə «Xalq artisti» fəxri adları verilmişdir. 2001-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının «Qızıl Dərviş» mükafatına laiyq görülmüşdür.

Kamal Xudaverdiyev 2008-ci il aprel ayının 23-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.