TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

SSRİ xalq artisti Mehdi Məmmədovun 90 illiyi münasibətilə keçirilən

Tədbirin keçirilmə tarixi – 21 may 2008-ci il.

Bu il may ayının 22-də ölkəmizin teatr ictimaiyyəti XX əsr Azərbaycan rejissor sənətinin ən parlaq simalarından biri, SSRİ xalq artisti, sənətşünaslıq doktoru, professor, teatr nəzəriyyəçisi, pedaqoq Mehdi Əsədulla oğlu Məmmədovun 90 illiyini qeyd edir.

Mehdi Məmmədov fenomenal istedadı, çoxşaxəli yaradıcılıq fəaliyyəti, yaratdığı monumental tamaşaları ilə milli teatr tariximizə şərəfli səhifələr yazmışdır.

Mehdi Məmmədov 1918-ci ildə Azərbaycan dilbər guşəsi Şuşada anadan olmuşdur. Bakıda Teatr texnikumunu və 1940-cı ildə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr Sənəti İnstitutunu bitirmişdir.

İnstitutu bitirdikdən sonra vətənə qayıdan M.Məmmədov 1940-45-ci illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, sonralar baş rejissor vəzifələrində çalışmışdır. 1946-cı ildən Milli Dram Teatrında fəaliyyətə başlamışdır. 1953-60-cı illərdə Opera və Balet Teatrında baş rejissor, 1960-63-cü illərdə Akademik Milli Dram Teatrında baş rejissor, 1978-79-cu illərdə Rus Dram Teatrında baş rejissor, 1969-76-cı illərdə Azərbaycan Teatr Cəmiyyətində sədr işləmişdir. 1946-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim, kafedra müdiri işləmişdir. 1960-cı ildən həmin institutun professorudur. 1968-ci ildə sənətşünaslıq doktoru elmi dərəcəsi almışdır. 1974-cü ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüşdür. İki dəfə «Qırmızı əmək bayrağı», «Oktyabr inqilabı» ordenləri və medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Dövlət mükafatı laureatıdır.

ƏSAS QURULUŞLARI:

Gəncə Dövlət Dram Teatrında

M.H.Təhmasib «Bahar»

M.İbrahimov «Madrid»

J.B.Molyer «Zorən təbib»

C.Cabbarlı «Oqtay Eloğlu», «Od gəlini»

S.Vurğun «Vaqif»

S.Rəhman «Toy»

M.Hüseyn «Nizami»

Lope de Veqa «Nə yardan doyur, nə əldən qoyur»

Akademik Milli Dram Teatrında

V.Şekspir «On ikinci gecə»

Ə.Haqverdiyev «Dağılan tifaq»

Lope de Veqa «Rəqs müəllimi»

K.Qoldoni «Mehmanxana sahibəsi»

M.Hüseyn «Alov»

M.İbrahimov «Kəndçi qızı»

L.Tolstoy «Canlı meyit»

H.Cavid «Xəyyam», «İblis»

S.Vurğun «İnsan»

M.Qorki «Meşşanlar»

C.Məmmədquluzadə «Dəli yığıncağı»

N.Vəzirov «Yağışdan çıxdıq, yağmura düşdük»

N.Qoqol «Müfəttiş»

Opera və Balet Teatrında

F.Əmirov «Sevil»

L.Delib «Lakme»

C.Cahangirov «Azad»

C.Puççini «Toska»

Ü.Hacıbəyov «Leyli və Məcnun»

Ü.Hacıbəyov «Koroğlu»

S.Vurğun adına Rus Dram Teatrında

M.Şatrov «Mənim ümidlərim»

M.Qorki «Həyatın dibində»

Bunlardan əlavə Dövlət İncəsənət Universitetində bir sıra klassik əsərlərə də quruluş vermişdir.

Teatr obrazları:

«Alov» - Fərhad Kamalov

«Canlı meyit» - Viktor Protasov

«Xəyyam» - Xəyyam

«İnsan» - Şahbaz

Radio:

«Hamlet» - Hamlet və s.

Kino:

«Onu bağışlamaq olarmı?» və «Qara daşlar» filmlərində çəkilmişdir.

Kitabları:

«Moskva Bədaye Teatrı» - 1948

«SSRİ xalq artisti Mirzağa Əliyev» - 1949

«Malıy teatr» - 1949

«Rejissor işi haqqında» - 1956

«Sabit Rəhman» - 1960

«Rejissor sənəti» - 1971

«İncəsənət və din» - 1971

«Azəri dramaturgiyasının estetik problemləri» - 1968

«Estetika haqqında söhbətlər» - 1968

«Həyat və sənət yollarında» - 1965

«Teatrlar. Aktyorlar. Tamaşalar» - 1966

«Teatr düşüncələri» - 1977

«Aleksandr Tuqanov» - 1971

«Onun sənət ulduzu» (Hökümə Qurbanova) - 1983

Haqqında C.Cəfərovun «İskusstvo rejissyora» (1972) (rus dilində) monoqrafiyası, həmçinin İ.İsrafilovun «Azərbaycan milli rejissor sənətinin poetikası» (2001), İ.Rəhimlinin «Akademik Milli Dram Teatrı» 2 cilddə (2002) kitablarında geniş məlumat var.

Teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş yüzlərlə elmi məqalələrin müəllifidir. Dünya ədəbiyyatından bir çox pyesləri dilimizə tərcümə etmişdir. Mehdi Məmmədovun çox sayda yetirmələri Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında: teatrlarda, universitetlərdə, elmi-tədqiqat institutlarında, ictimai təşkilatlarda çalışır.

Mehdi Məmmədov 1985-ci il yanvar ayının 28-də qəfil ürək tutmasından vəfat etmişdir.