TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

ƏLİ HAQVERDİYEV – 70

Azərbaycan Teatr Xadimləri İttifaqı 2010-cu il yanvar ayının 18-də əməkdar artist Əli Haqverdiyevin anım gününü keçirmişdir.

Əli Haqverdiyev 1939-cu il iyul ayının 29-da Bakı şəhərində Azərbaycanın görkəmli rəssamları Həsən Haqverdiyev və Güllu xanım Mustafayevanın ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından yaradıcılıq mühitində böyüyən Əli rəssamlıq sənətinə böyük maraq göstərib. Elə bu maraq da onu 16 yaşında ikən Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin qrafika şöbəsinə gətirib çıxarıb. 1958-ci ildə xoş bir təsadüfdən onu Bakı orta ixtisas musiqi məktəbinə qəbul ediblər. İstisna hal kimi Əli Haqverdiyə hər iki məktəbdə paralel oxumaq imkanı verilib. 1961-ci ildə Ü.Hacıbəyov adına Bakı Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olan Əli Haqverdiyev ilk əvvəl SSRİ xalq artisti, professor Şövkət xanım Məmmədovadan, sonra isə V.Tartakovdan dərs alıb. 1962-ci ildə o zamanlar Opera və Balet Teatrına rəhbərlik edən böyük dirijor və bəstəkar Niyazi Əliyə qulaq asıb və onu teatra işə qəbul edib. Həmin illərdə Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera teatrında təcrübə də keçib. Güclü bas səs sahibi olan Əli Haqverdiyev çalışqanlığı və daim öz üzərində işləməsi sayəsində Akademik Opera və Balet Teatrının səhnəsində 30-dan artıq obraz yaradıb. Bunlardan:

Ü.Hacıbəyovun «Arşın mal alan» - Sultan bəy;

Ş.Quno «Faust» - Mefistofel;

C.Verdi «Riqoletto» - Riqoletto;

C.Verdi «Otello» - Yaqo;

Puççini «Toska» - Skarpio;

Borodin «Knyaz İqor» - Qalitski;

J.Bize «Karmen» - Eskamilyo;

C.Verdi «Trubadur» - Fernando;

Ü.Hacıbəyov «Koroğlu» - Həsən xan;

Ü.Hacıbəyov «Leyli və Məcnün» - Nofəl;

M.Maqomayev «Şah İsmayıl» - Aslan şah;

F.Əmirov «Sevil» - Atakişi;

Z.Bağırov «Aygün» - Əmirxan;

Z.Bağırov «Qoca Xottabıç» - Qoca Xottabıç;

R.Mustafayev «Vaqif» - İbrahim xan;

Q.Qarayev, C.Hacıyev «Vətən» - Mərdan və s. göstərmək olar. Teatrda işləməklə yanaşı Əli Haqverdiyev geniş konsert fəaliyyəti də göstərmiş, Çaykovski, Darqomıjski, Rubinşteyn, Musorqski, Şubert, Şuman və başqa bəstəkarların kamera-vokal musiqilərini uğurla ifa edərək, konsert salonlarında, hərbi hissələrdə, Bakı neftçiləri və dənizçiləri qarşısında konsertlər vermişdir. Keçmiş SSRİ məkanında yaradıcılıq gecələri keçirilmişdir.

Uşaqlıqdan sevdiyi rəssamlıq sənətinə ömür boyu sadiq qalan Əli Haqverdiyev özündən sonra zəngin irs qoyub getmişdir. Onun yüzlərlə qrafik işləri, rəsmləri, peyzaj, portret və dostluq şarjları Azərbaycan muzeylərində, doğmaları və dostlarının şəxsi arxivlərində saxlanılır. Ə.Haqverdiyevin çəkdiyi rəsmlər Bakı, Kiyev, Leninqrad, Moskva şəhərlərində uğurla nümayiş etdirilmişdir. Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olmuşdur.

Teatrda işləməklə yanaşı Ə.Haqverdiyev 1981-ci ildən etibarən Bakı Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışmış, özünün sənət müəllimlərindən əxz etdiyi təcrübədən pedaqoji fəaliyyətində faydalanaraq öz bilik və zəngin teatr təcrübəsini gənc nəslə səxavətlə paylamışdır.

İstedadlı aktyor kino sahəsində də öz istedadını sınamış, «Uzun ömrün akkordları», «Şir evdən getdi» və «Dədə Qorqud» filmlərində çəkilmişdir.

1991-ci ildə ona «Azərbaycan Respublikasının əməkdar artisti» fəxri adı verilmişdir.

Əli Haqverdiyev 1992-ci il sentyabr ayının 14-də faciəli şəkildə həlak olmuşdur. İşgüzar, ciddi, iradəli, məsuliyyətli, xeyirxah və sadə bir insan kimi yaddaşlarda iz buraxmışdır.