TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

ELXAN QURBANOV – 60

Azərbaycan Teatr Xadimləri İttifaqı 2012-ci il iyul ayının 2-də aktyor Elxan Qurbanovun anma gününü keçirmişdir. «Tamaşadan əvvəl…» adlanan tədbir 2011-ci il noyabr ayının 21-də tamaşaya az qalmış elə teatrdaca dünyasını dəyişmiş aktyorun 60 illiyinə həsr olunmuşdur.

Elxan Qurbanov 11 may 1952-ci ildə Bakı şəhərində anadan olub. Bakıdakı 190 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Təyinatla bir neçə il Lənkəran Dövlət Dram Teatrında işləyib. 1978-ci ildən həyatını Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlayan aktyor bu teatrın səhnəsində C.Məmmədquluzadənin «Danabaş kəndinin məktəbi» tamaşasında Yüzbaşı Pirverdi bəy, T.Mütəllimovun «Cücələrim» əsərində Çempion Xoruz, R.B.Əfəndiyevin «Qonşu qonşu olsa, kor qız ərə gedər» vodevilində Şamil bəy, N.Xəzrinin «Kiçik təpə» dramında Restoran sahibi, Elçinin «Ölüm hökmü»ndə Xıdır müəllim, «Mahmud və Məryəm»də Qara keşiş, H.Mirələmovun «Yaddaş ağrısı»nda Ruben Dadamyan, T.Kazımovun «Səsin sehri»ndə Doktor Nazim, İ.Coşğunun «Komissarlar» tamaşasında Komissar Petrov, «Əlibaba və qırx quldur» ərəb nağılında Ataman və s. yaddaqalan, diqqət çəkən obrazlar yaradıb. Aktyor həmçinin bir sıra televiziya tamaşalarına və kinofilmlərə də çəkilib.