TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

ELÇİN MƏMMƏDOV – 60

Azərbaycan Teatr Xadimləri İttifaqı 2006-cı il may ayının 29-da görkəmli teatr rəssamı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Elçin Məmmədovun xatirə gününü keçirmişdir.

Elçin Məmmədov 1946-cı il mayın 29-da Bakıda SSRİ xalq artisti, professor Mehdi Məmmədov və xalq artisti, ecazkar aktrisa Barat Şəkinskayanın ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından sənətkarlar əhatəsində tərbiyə alan Elçin Məmmədov Ə.Əzimzadə adına Rəssamlıq məktəbində təhsil alıb, lakin oranı bitirməyib. 1967-73-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb, yüngül sənaye rəssamlığı ixtisasına yiyələnib. Müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının Bədii İstehsalat Kombinatında, «Vışka» qəzeti redaksiyasında rəssam, Dövlət Musiqili Komediya, Opera və Balet teatrlarında baş rəssam işləyib. 1989-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rəssam vəzifəsində çalışıb.

Akademik Milli Dram Teatrında M.F.Axundovun «Xırs quldurbasan», C.Məmmədquluzadənin «Dəli yığıncağı», S.Vurğunun «İnsan», M.Qorkinin «Meşşanlar», H.Cavidin «İblis», V.Şekspirin «Hamlet», Musiqili Komediya Teatrında O.Kazımov və C.Səlimovanın «Danabaş kəndinin əhvalatları», R.Şəfəq və A.Şaiqin «Tülkü Həccə gedir», L.Vaynşteyn və R.İbrahimbəyovun «Səhranın bəyaz günəşi», İ.Ştrausun «Yarasa», F.Əmirov və M.Əlizadənin «Gözün aydın», Gənc Tamaşaçılar Teatrında C.Məmmədquluzadənin «Danabaş kəndinin məktəbi», N.Nərimvanovun «Şamdan bəy», Anarın «Keçən ilin son gecəsi», R.Vaqnerin «Salam, Hotsi», S.Vurğun adına Rus Dram Teatrında M.Qorkinin «Həyatın dibində», R.Bürkonun «Mənim məhəbbətim Elektra», A.Vampirovun «Əyalət lətifələri», H.Andersenin «Qar kraliçası, H.Cavidin «Şeyx Sənan», M.Şatrovun «Amansız oyunlar», «Buta» Marionet Teatrında «Arşın mal alan» tamaşaları rəssamın uğurlu quruluş verdiyi çoxsaylı sənət incilərinin kiçik bir qismidir.

Elçin Məmmədovun yaradıcılıq fəaliyyəti təkcə paytaxt teatrlarını deyil, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrları da əhatə etmiş, o, adları çəkilən sənət ocaqlarında çoxlu sayda əsərlərə maraqlı səhnə tərtibatı vermişdir. Ölkəmizdə bir teatr rəssamı kimi böyük şöhrət tapmış Elçin Məmmədov keçmiş SSRİ məkanında yerləşən teatrlarda tamaşalara tərtibat vermək üçün dəvətlər almış, Moskva, Arxangelsk, İrəvan, Leninakan və başqa şəhərlərdə bir sıra tamaşalara bədii tərtibat vermişdir. Elçin Məmmədovun əsərləri Bakının və Moskvanın Dövlət muzeylərində saxlanılır. O, dəfələrlə Beynəlxalq Teatr Rəssamları sərgilərində iştirak etmiş, xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuşdur. Ölkəmizin nəşriyyatlarında çap olunmuş yüzə yaxın kitaba tərtibat vermişdir. Bunlardan «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Azərbaycan nağılları», «Xəyyam» xüsusi qeyd olunmalıdır. Valideynlərindən keçən irsi aktyorluq istedadı ilə Elçin Məmmədov «Azərbaycanfilm» kinostudiyasında çəkilmiş «Yeddi oğul istərəm», «Dədə Qorqud», «Dantenin yubileyi», «Çətirimiz buludlardır» bədii filmlərində Mirpaşa, Qaraca Çoban, Səyavuş və Məlik kimi yaddaqalan obrazlar yaratmış və tamaşaçıların məhəbbətini qazanmışdır.

Ölkənin mədəni həyatında böyük nüfuz sahibi olan Elçin Məmmədov üzvü olduğu Rəssamlar İttifaqında, Azərbaycan Teatr Xadimləri İttifaqında İdarə heyətinin üzvü seçilmişdir.

Teatr sənəti sahəsində uğurlarına görə 1984-cü ildə H.Cavidin «İblis» tamaşasında verdiyi tərtibatına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb, 1991-ci ildə «Əməkdar incəsənət xadimi» fəxri adı ilə təltif olunub, 1999 və 2001-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının «Qızıl Dərviş» mükafatına layiq görülüb.

Görkəmli rəssam 2001-ci il fevral ayının 18-də 55 yaşında dünyasını dəyişib.