TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

MÜXLIS CƏNIZADƏ

Azərbaycan Teatr Xadimləri İttifaqı 2008-ci il dekabr ayının 19-da görkəmli teatr pedaqoqu, respublikanın əməkdar artisti Müxlis Sabir oğlu Cənizadənin anadan olmasının 80 illiyi ilə əlaqədar anım günü keçmişdir.

M.Cənizadə 1928-ci il noyabr ayının 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Teatr texnikumunu və Dövlət Teatr İnstitutunu bitirmişdir, məşhur aktyor, xalq artisti Kazım Ziyanın kursunda təhsil almışdır. 1953-63-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləmişdir. Bu teatrın səhnəsində «Sevilya ulduzu»nda Don Qansilo, «Vassa Jeleznova»da Yevgeni, «Prokuror qızı»nda Roman Bondar, «Tufanlı il»də Sinqayevski, «Tufan»da (Tayfun) Çjon Çin, «Şöhrət ya unudulan adam»da Qatil, «Gözəllik və sevgi adası»nda Devi, «1905-ci il»də Gənc Baxşı, «Dönüş»də Ötgün, «Almaz»da Camal, «Həyat»da Zeynal, «Göz həkimi»ndə Talıbov, «Fərhad və Şirin»də Şiruyə, «Ana ürəyi»ndə Poçtalyon kimi diqqət çəkən obrazlar yaratmışdır.

Teatrda çalışmaqla kifayətlənməyən aktyor öz aktyor naturasının bol imkanlarından istifadə edərək çoxşaxəli yaradıcılıq fəaliyyəti göstərib. Zəmanəsində teatr aktyoru, kino aktyoru, bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi məşhur olub. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda pedaqoq kimi çalışan M.Cənizadə yüksək ixtisaslı teatr kadrlarının yetişdirilməsi üçün öz qüvvə və bacarığını səxavətlə sərf edib. Onun yetirmələri – xalq artistləri, əməkdar artistlər, professorlar, dosentlər bu gün ölkəmizin müxtəlif teatrlarında və təhsil ocaqlarında uğurlu fəaliyyət göstərir, həyatdan vaxtsız köçmüş müəllimlərinin sənət yolunu uğurla davam etdirirlər.

İndiki nəsil M.Cənizadəni yalnız çəkildiyi çoxsaylı filmlərdən və onun ifasında radio dalğalarında səslənən lent yazılarından tanıyır. M.Cənizadə «Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi «O olmasın, bu olsun», «Yenilməz batalyon», «Dəli Kür», «26-lar», «Bəxtiyar», «Görüş», «Onu bağışlamaq olarmı?» «Qızmar günəş altında», «Əsl dost», «Bakının işıqları», «Ulduzlar sönmür» və s. filmlərdə, həmçinin vaxtilə Rusiyada istehsal olunmuş «Sonuncu qum təpəsi» filmində yaddaqalan obrazlar yaratmışdır.

M.Cənizadə Teatr İnstitutunun Tədris teatrında «Təbilçi qız», «Aydın», «Qaraçılar», «Üləmalar» və s. tamaşalara quruluş vermişdir.

Azərbaycan radiosunun «Qızıl Fond»unda və Dövlət Səsyazma Fondunda M.Cənizadənin ifasında gözəl bədii qiraət nümunələri saxlanılır.

Teatr sənəti sahəsində xidmətlərinə görə 1960-cı ildə M.Cənizadəyə «Respublikanın əməkdar artisti» fəxri adı verilmişdir.

Görkəmli aktyor və pedaqoq 1972-ci ildə yaradıcılığının çiçəkləndiyi bir dövrdə ağır xəstəlikdən vəfat etmişdir.