TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

Ağababa Bünyadzadə

Azərbaycan Teatr Xadimləri İttifaqı 2007-ci il dekabr ayının 24-də məşhur opera müğənnisi, xalq artisti Ağababa Bünyadzadənin anım gününü keçirmişdir.

Ağababa Balağa oğlu Bünyadzadə 1915-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yaradıcılığa bədii özfəaliyyətdə başlayan A.Bünyadzadə 1938-ci ildən Opera və Balet Teatrının truppasına daxil olmuş, 1938-39-cu illərdə Moskvada Qnesinlər adına Musiqi Məktəbində, 1940-cı ildə Bakıda Opera Studiyasında təhsil almışdır. Geniş diapazonlu, güclü, məlahətli bariton səsə malik olan A.Bünyadzadə yaradıcılığı dövründə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında 60-a yaxın müxtəlif xarakterli obrazlar yaratmışdır. Bunlardan «Koroğlu»da Həsən xan, «Şah İsmayıl»da Aslan şah, «Aşıq Qərib»də Şahvələd, «Leyli və Məcnun»da Nofəl, Leylinin atası, «Vətən»də Mərdan, «Azad»da Yavər, «Sevil»də Atakişi, «Karmen»də Eskamilyo, «Aida»da Amonasro, «Trubadur»da Qraf de Luna, «Sevilya ulduzu»nda Fiqaro, «Traviata»da Jermon, «Riqoletto»da Riqoletto, «Daisi»də Kiazo onun böyük ilhamla yaratdığı obrazlardandır. Görkəmli müğənni bu obrazlardan Həsən xanı 30 ildən artıq ifa etmişdir. Onun 1967-ci ildə quruluş verdiyi «Şah İsmayıl» operasının tamaşası bu gün də Opera və Balet Teatrında göstərilir. Məşhur «Arşın mal alan» filmində Süleymanın partiyasını ifa etmişdir.

A.Bünyadzadə keçmiş Sovetlər İttifaqının Moskva, Leninqrad, Kiyev, Tbilisi, Yerevan və başqa şəhərlərində, Bolqarıstan və Rumıniyada qastrol səfərlərində olmuşdur. Teatr sənəti sahəsindəki xidmətlərinə görə keçmiş SSRİ-nin «Lenin» və «Qırmızı Əmək Bayrağı» ordenləri ilə təltif olunmuşdur.

Məşhur opera müğənnisi 1974-cü il dekabr ayının 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ağababa Bünyadzadənin möcüzəli səsi bu gün də Azərbaycan tamaşaçılarının könlünü oxşamaqdadır.