TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

MAHMUD ALLAHVERDIYEV

Mahmud Qara oğlu Allahverdiyev 1931-ci ildə Gürcüstanın Bolnisi rayonunun Mirhəsənli kəndində anadan olmuşdur. Orta məktəbi öz doğma kəndində bitirən, teatr sənətinə böyük marağı olan Mahmud Allahverdiyev 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq şöbəsinə qəbul olunur. Onun sənət müəllimləri görkəmli rejissorlar, Xalq artistləri Rza Təhmasib, Mehdi Məmmədov, Məhərrəm Haşımov olur. Müəllimlərinin, kitabların köməkliyi ilə sənətin sirlərindən agah olan Mahmud Allahverdiyev 1956-cı ildə institutu bitirərək Akademik Milli Dram Teatrına göndəriş alır. Gənc aktyor Dram Teatrının səhnəsində Cabbar Məcnunbəyovun «İliç buxtası»nda Ağsaqqal, Mehdi Hüseynin «Cavanşir»ində Elçin, İmran Qasımov və Həsən Seyidbəylinin «Uzaq sahillərdə» tamaşasında Vasili kimi maraqlı obrazlar oynayır. Lakin gənc aktyor təkcə tamaşalarda çıxış etməklə öz işini bitmiş hesab etmir. Belə ki, o, tamaşaların müzakirələri zamanı özünün məntiqli və kəsərli çıxışları ilə seçilir. Bu amil görkəmli sənətşünas-alim Cəfər Cəfərovun diqqətindən yayınmır. Bir müddət sonra Cəfər müəllim Mahmud Allahverdiyevi elmi işə cəlb edir. Beləliklə, teatr səhnəsi istedadlı bir aktyoru itirir. Azərbaycan sənətşünaslığı isə gələcəyin görkəmli teatrşünas alimini qazanır. M.Allahverdiyevin milli teatrımızın tarixi və nəzəriyyəsi sahəsində apardığı səmərəli tədqiqat işləri sənətşünaslıq elmində özünə layiq yer tutur. Onun fundamental elmi əsərləri bu gün də tədqiqatçıların, tələbələrin stolüstü kitabı olaraq qalmaqdadır. «Azərbaycan xalq teatrı tarixi», «Ələsgər Ələkbərov», «Mirzağa Əliyevin yaradıcılıq yolu», «Cəfər Cabbarlı və müasirlik», «Qaravəlli tamaşaları», «Azərbaycan teatrı bu gün», «Müasir Azərbaycan teatrında ənənə və novatorluq məsələləri», «Teatr tənqidi və müasirlik» kimi əsərlərin müəllifi Mahmud Allahverdiyevdir.

Uzun illər İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Mahmud Allahverdiyev sıravi müəllimlikdən sənətşünaslıq doktoru, professor səviyyəsinə yüksəlmiş, müəllim həmkarlarının və tələbələrin rəğbətini qazanmışdır. Müxtəlif vaxtlarda həmin Universitetdə kafedra müdiri, dekan, prorektor vəzifələrində çalışmışdır. Bir müddət Türkiyədə Memar Sinan Universitetində dərs deyən Mahmud müəllim Türkiyədə Azərbaycan teatrına həsr etdiyi «Sözüm var sizə, gənclər» kitabını türk dilində nəşr etdirmişdir.

Görkəmli alim və pedaqoq, sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev 1999-cu ildə vəfat etmişdir.