TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

Əliheydər Ələkbərovun 100 illik yubiley

03 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə görkəmli rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti, iki dəfə Dövlət mükafatı laureatı Əliheydər Ələkbərovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Akademik Milli Dram Teatrında keçirilən tədbirdə Respublikanın görkəmli ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər. Giriş sözü ilə Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, professor Azər Paşa Nemətov çıxış edərək qonaqları salamlamış, Əliheydər Ələkbərov haqqında xatirələrini danışmışdır. Sonra Akademik Milli Dram Teatrının aktyorları Əliheydər Ələkbərovun quruluş verdiyi Cəfər Cabbarlının «Almas» və İslam Səfərlinin «Göz həkimi» tamaşalarından parçalar ifa etmişlər.

Gecədə iştirak edənlər xalq artisti, professor Ağakişi Kazımovun, xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovun, Əliheydər Ələkbərovun tələbəsi, Respublikanın Əməkdar Artisti Əli Nurun rejissorla bağlı xatirələrini dinləmiş, sənətkarın zəngin yaradıcılıq yolundan bəhs edən videoçarxları izləmişlər. Sonda sənətkarın ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq bildirilmişdir.