TƏDBİR VƏ LAYIHƏLƏR / Festivallar

 

Azərbaycan Teatr Xadimləri İttifaqı «2+1» İkinji Eksperimental teatr festivalı 28 oktyabr – 02 noyabr 2013-cü il.

Proqram >>>   Photo >>>   Video >>>

28 oktyabr-2 noyabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə "2+1" ikinci eksperimental teatr festivalı keçirildi. İkinci dəfə gerçəkləşən festivalda 9 yerli və bir qonaq teatrın tamaşası nəzərdə tutulmuşdu. Onlardan ikisi texniki səbəblərdən nümayiş olunmasa da, təqdim olunan tamaşalar, aparılan diskussiya və yaradıcı müzakirələr festivalın kifayət qədər maraqlı keçdiyini deməyə əsas verir.

Ötən sayımızda festivalın bir neçə tamaşası barədə məlumat vermişdik. Bu yazıda daha iki səhnə əsəri haqqında bir qədər ətraflı söz açmaq istərdik.

"Zibillik" qurbanlarını uddu

Oktyabrın 31-də festival çərçivəsində M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının hazırladığı "Zibillik" tamaşası təqdim olundu. Türkiyənin tanınmış dramaturqlarından Turqay Narın pyesi əsasında hazırlanan səhnə əsəri zibillikdə yaşayan, daha doğrusu, yaşamağa məhkum olan üç gəncin faciəli həyatından bəhs edir. Yığın-yığın zibillərin arasında uşaqlıq xatirələrindən gələcək barədə planlarınadək uzun yol cızan bu gənclər hər şeyə rəğmən bir cəmiyyət fərdi olduqlarını göstərmək istəyirlər. Buna görə də, təbii ki, hər kəs kimi sosial-siyasi hadisələrə münasibət bildirir, cəmiyyət qanunları, qanunsuzluqları, əlqərəz, özlərinə aid olan və olmayan hər şeydən danışırlar.

Zibillik bölgüsündə yalnız polietilen məhsullar toplayıb satmaq ixtiyarında olan qəhrəmanlar - Aymələk (Fəridə Məmmədova), qardaşı Xaço (Afiq Yusifov) və uşaqlıq dostları İsrafil (Asim Məmmədov) bütün cəhdlərinə rəğmən yaşaya bilmir və nəticədə zibilliyin qurbanına çevrilirlər. Yuxu yozumlarından, eyni yuxunu görüb onu açmağa çalışan və açdıqları, hasil etdikləri nəticənin vahiməsindən sıxılan gənclər nəticədə reallıqlarla barışıb məhv olurlar. Bir kilsənin həyətindəki quyuda yaranışla ölüm arasındakı son pərdə də oynanılır və bütün dəyərli nəsnələr o kor quyuda itib-batır.

Müəyyən kiçik qüsurları, bəzən səhnələr arasında rabitəsizliyi nəzərə almasaq, tamaşa uğurlu və maraqlı idi. Teatrın baş rejissoru, yenilikçi meyllərin daşıyıcılarından biri kimi tanınan Günay Səttarın quruluşunda təqdim olunan səhnə əsərinin rejissor yozumu, gerçəkliyin diktə etdiyi səhnələr, gərgin parçalar arasındakı yüngül keçidlər də baxılmağa dəyər.

"Kor kürsü" ayaqlar altında qalsa...

Əslində bu mümkün deyil. Çünki kürsü arzusu, onunla bağlı eybəcər ideallar nəticədə insanın özünü ayaqlar altına atır, məhv edir, insanlıqdan çıxarır. Bakı Satira Teatrının hazırladığı "Kor kürsü" adlı tamaşada da bu ideya ön plana çəkilmişdi. Daha doğrusu, kürsüdə oturmaq, onun haqqını vermək, oradan ədaləti təcəssüm etdirmək kimi bir az soyuq, zamanından qaçmış tələb qoyulmuşdu. Bu isə yozum etibarilə eksperimentallıqdan çox monumentallığa yaxın idi. Maarif Məmmədovun müəllifi olduğu və quruluş verdiyi tamaşa iki ağıllı və ya ağlını itirmiş insanın - kor olmadığını hər vəchlə isbatlamağa çalışan və buna cavab olaraq onu haqsızlıqlara münasibətdə kor olmaqda günahlandıran qəhrəmanın dialoqlarından ibarət idi. Özlərinin də dediyi kimi, absurd həyat yaşayan və sonda dəlixanaya məhkum iki insan. Səhnədən ideal dəyərlərin aşılandığı tamaşanın sonluğu da dəlixana səhnəsi ilə qoyulur. Burada da "dinc" durmayan, haqq-ədalət axtarışında olan, lakin çarəsizlikdən susmağa məhkum olan inqilabçı, ittihamçı, carçı, nəhayət, təslim olur və özü ilə gəzdirdiyi bizlə gözlərini oyur. Səadətini bunda tapır və xoşbəxt bir təbəssümə qərq olur.

Tamaşa boyu guya kürsüyə tabe olmayan, onu ayaqlar altına atmaq, daha doğrusu, kətili kəndirlə ayağına bağlamaqla sanki bütünlükdə kürsülərdən intiqam almağa çalışan inqilabçı (Natiq Fərzəliyev) və hər gördüyünü qəbul etməyə məhkum və ya görmək istəməməkdə azad korun (Cümşüd Zeynalov) cəhdləri bir neçə detalına görə maraqlı və ən əsası baxımlı idi. Ağır monoloqların yükünü azaltmaq üçün əlavə edilən komik elementlər və ümumi tragikomik ab-hava alqış qazandı.

Hər festival teatr ictimaiyyəti üçün hadisədir

Noyabrın 1-də axşam səhnə festival təşkilatçılarına verildi. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə artıq ikinci festivalın reallaşması münasibətilə hər kəsi təbrik etdi. Hər bir teatr hadisəsini bayram, hər festivalı teatr ictimaiyyəti üçün hadisə hesab edən ittifaq sədri bu festivalın keçirilmə səbəblərindən, məramından danışdı. Əldə olunan nəticələrdən söz açaraq bu kimi tədbirlərin günümüzün teatral mənzərəsini göstərmək üçün də əhəmiyyətli olduğunu dedi: "Adından da göründüyü kimi, bu festivalı təşkil edərkən ənənəvi teatr düşüncəsini deyil, qeyri-adi düşüncə tərzi, avanqard, yəni gənclərdən daha müasir yanaşma gözləyirdik. Festivalda nümayiş olunan səhnə əsərləri istəklərimizi tam əks etdirməsə də, bütünlükdə festivalı uğurlu və dəyərli bir teatr hadisəsi adlandırmaq olar".

Teatrşünaslar - professor Məryəm Əlizadə, Vidadi Qafarov və başqaları nümayiş olunan tamaşalarla bağlı fikirlərini bölüşdülər, teatr təmsilçilərini gələcəkdə belə tədbirlərdə fəal iştiraka səslədilər. Sonda Azərbaycan Teatr Xadimləri İttifaqı adından festival iştirakçılarına diplomlar, tamaşaların rejissorlarına isə diplom və simvolik heykəlciklər təqdim olundu.

Tiflisdən gələn teatr

Rəsmi bağlanışın ardınca festivalın qonaq teatrı, zəngin tarixli Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyorları səhnədə göründü. İftixar Piriyevin müəllifi olduğu "Eşqin tikan dairəsi" adlı pyes əsasında hazırlanan eyniadlı tamaşa biri-birini çox sevən iki kor gəncin məhəbbəti və faciəvi sonluğundan bəhs edir. Gənc rejissor və aktyor Turqay Vəlizadənin quruluş verdiyi tamaşada Umud (Aslan Məmmədov) və Ulduz (Marianna Məmmədova) maraqlı bir sevgi modeli yaratmışdılar. Anadangəlmə kor sevgililər bütün maneələrə rəğmən dəli bir sevda içində çox xoşbəxt yaşayırlar. Onların səhnədəki sevgi pantomimi bu mənada maraqlı və baxımlı idi. Öz tənha köşələrinə çəkilmək üçün qorxunu dəf edərək hər dəfə "qıl körpü"sü adlandırdıqları çay üzərindəki maneədən keçərək kölgəsində səadət tapdıqları qarağaca tərəf tələsirlər. Kəndin tikanlı məftillərlə çəpərləndiyinə inanmayan, hətta bunun onlara mane olmaq üçün uydurulduğunu düşünən cütlük açıq havada yuxuya dalır. İldırım çaxır, gənclər yerə yıxılır və pirani qoca onlara bir fincanda ildırım suyu və ana südü içirir.

Bununla da gözləri açılan sevgililərin elə səadəti də bundan sonra bitir. Əvvəlcə çölün-çəmənin gözəlliyinə, səmanın, günəşin eşqinə çılğın sevincə qərq olurlar. Sonra görmələrinə rəğmən kəndlərinin yolunu tapmaq üçün böyük çətinlik çəkir və sonda gözləri bağlı tapırlar. Amma eşqin tikan dairəsi onlara mane olur. Sevinclərini kənd camaatı ilə bölüşmək, arzularını haraylamaq üçün o "qıl körpü"sündən adlaya bilmirlər. Gənclər bir-birinə böyük məhəbbətlə sarılaraq düz körpünün ortasında dayanırlar. Tamaşa bu narahat, müəmmalı və bir o qədər də təzadlı səhnə ilə bitir.

Bu romantik, xoş sevgi harmoniyasının müşayiətində ağrılı sonluqla bitən tamaşa aktyor oyunu ilə də yadda qaldı və alqışlandı. Tamaşada bəzi məqamlar suallar yaratsa da, hər halda rejissor müəllifin demək istədiyini, vurğuladığı saf məhəbbət, eşq ucalığında ölümsüzlüyü çatdırmağa çalışmışdı.

Həmidə Nizamiqızı. "Mədəniyyət" qazeti. 06.11.2013